Avtomobili qışa hazırlayarkən nələrə diqqət etmək lazımdır?
Qış mövsümündə sürücülər yollarda daha diqqətli olmalı, avtomobillərini soyuq hava şəraitinə əvvəlcədən hazırlamalıdırlar. Şüşələrin buzlanması, qar və palçıq sıçrantıları görmə məsafəsini azalda, yolda təhlükəli vəziyyət yarada bilər.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə ekspertlərin tövsiyələrinə istinadən məlumat yayıb.
Xalq Cəbhəsi Ümumrusiya Xalq Hərəkatının eksperti Pyotr Şkumatov avtomobilin qış istismarına hazırlığına havanın temperaturu davamlı olaraq +5 dərəcəyə düşdüyü vaxt başlamağı tövsiyə edib.
Onun sözlərinə görə, şüşəyuyan sistemin çənində yay üçün nəzərdə tutulan maye qalıbsa, temperatur mənfi həddə düşməzdən əvvəl onu boşaldaraq donmayan maye ilə əvəzləmək lazımdır. Əks halda maye dona, sistemin boruları partlaya, şüşəyuyan mühərriki zədələnə bilər.
Ekspertlər şüşəsilənlərin vəziyyətinin də yoxlanılmasını məsləhət görürlər. Şüşədə izlər saxlayan və yaxşı təmizləməyən fırçalar dəyişdirilməlidir. Qış üçün nəzərdə tutulan şüşəsilənlərin şaxtalar başlamazdan əvvəl quraşdırılması tövsiyə olunur.
Soyuq hava başlamazdan əvvəl mühərrik yağının səviyyəsini yoxlamaq vacibdir. Rusiya Avtoservis Birliyinin rəhbəri, “Gidravlika” şirkətinin sahibi Yuri Valko bildirir ki, avtomobilin texniki baxışını müəyyən edilmiş qaydalara uyğun keçirmək lazımdır. Avqust ayında texniki baxışdan keçmiş avtomobilin noyabrda eyni proseduru təkrarlamasına ehtiyac yoxdur.
Valkonun sözlərinə görə, mühərrik yağının dəyişdirilməsi üçün maksimal yürüş həddi 10 min kilometr olmalıdır. Dizel mühərrikli avtomobillərdə isə bu göstəricinin 7 min kilometri keçməməsi tövsiyə edilir.
Ekspert dizel mühərrikli avtomobillərin sahiblərinə közərmə şamlarının vəziyyətini yoxlamağı da məsləhət görüb. Soyuq havada şamların nasaz olması mühərrikin işə düşməsinə mane ola bilər. Benzin mühərriklərində alışdırma şamlarının dəyişdirilməsi isə texniki qulluq qaydalarına uyğun həyata keçirilməlidir.
Yay təkərlərinin qış təkərləri ilə əvəzlənməsi vacib prosedurlardandır. Şkumatov təkərlərin dəyişdirilməsini noyabrın əvvəlində, şin quraşdırma məntəqələrində sıxlıq yaranmazdan əvvəl həyata keçirməyi tövsiyə edib.
Rusiyada minik avtomobillərinin qış təkərləri üçün protektorun qalıq dərinliyinin minimum həddi 4 millimetr təşkil edir. Təkərləri dəyişərkən disklərin vəziyyətini də yoxlamaq lazımdır. Əyilmiş disklər avtomobilin hərəkəti zamanı vibrasiyaya səbəb ola və təhlükə yarada bilər.
Avtomobilin kuzovunu korroziyadan qorumaq üçün kiçik zədələnmiş sahələri xüsusi antikorroziya astarı ilə işləmək mümkündür. Qapıların, baqajın və yanacaq çəninin qapağının rezin kipləşdiricilərinə silikon yağ çəkilməsi onların qışda donmasının qarşısını ala bilər.
Ekspertlər avtomobilin alt hissəsinin xüsusi vasitələrlə işlənməsi zamanı ehtiyatlı olmağı tövsiyə edirlər. Yanlış seçilmiş materiallar əyləc sisteminin və elektrik avadanlıqlarının işində problemlər yarada bilər.
Bundan əlavə, akkumulyatorun vəziyyətini yoxlamaq vacibdir. Soyuq havada köhnəlmiş akkumulyator mühərrikin işə düşməsinə mane ola bilər. Sürücülərə avtomobildə akkumulyatoru işə salmaq üçün naqillər və ya portativ işəsalma qurğusu, buz təmizləyən fırça, ehtiyat donmayan maye saxlamaq tövsiyə olunur. Çətin keçilən yollarda hərəkət edənlər üçün isə kürək və yedək kəndiri də faydalı ola bilər.
00:01 09.11.2026
Oxunuş sayı: 55