Suriyada 34 mindən çox uşaq poliomielitə qarşı peyvənd olunub
Suriyada poliomielit virusunun aşkarlanmasından sonra 5 yaşadək 34 mindən çox uşaq peyvənd edilib. Peyvəndləmə kampaniyası Deyrizor bölgəsində iki uşaqda virusun müəyyənləşdirilməsindən sonra sürətləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə koordinasiyalı şəkildə ərazidə təcili tədbirlərə başlayıb.
Virusun aşkarlanması ilə bağlı Dəməşqdə Suriyanın səhiyyə naziri Musab əl-Ali, ÜST-ün Suriya üzrə nümayəndəsi Karolin Klarinval və UNICEF-in Suriya üzrə nümayəndəsi Meritxel Relano Arananın iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Səhiyyə naziri Musab əl-Ali bildirib ki, aparılan analizlər nəticəsində Deyrizorun Meyadin bölgəsində iki uşaqda poliomielit virusu aşkarlanıb.
Nazir uşaqların sağlamlığının qorunmasının əsas prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək riskli ərazilər müəyyənləşdirilib və əvvəllər peyvənd olunmayan uşaqların da kampaniyaya cəlb edilməsi üçün tədbirlər görülüb.
Əl-Ali qeyd edib ki, ilk kampaniya çərçivəsində 5 yaşadək 34 mindən çox uşaq peyvənd olunub.
O, valideynləri uşaqların çatışmayan peyvəndlərini tamamlamamağa və səhiyyə əməkdaşları ilə əməkdaşlıq etməyə çağırıb. Nazir peyvəndlərin təhlükəsiz, effektiv və beynəlxalq səviyyədə istifadə olunan preparatlar olduğunu bildirib.
Səhiyyə Nazirliyinin peyvəndləmə elan etdiyi ərazilərdə yaşayan ailələrə uşaqlarını ən yaxın tibb müəssisəsinə aparmaq tövsiyə olunub.
Nazir şübhəli halların izlənildiyini, ərazidə araşdırmaların davam etdiyini və müdaxilə tədbirlərinin əldə olunan məlumatlara uyğun yeniləndiyini bildirib.
ÜST və UNICEF peyvəndləmə kampaniyasını dəstəkləyir
ÜST-ün Suriya üzrə nümayəndəsi Karolin Klarinval bildirib ki, təşkilat vəziyyəti qiymətləndirmək və tədbirləri mövcud şəraitə uyğunlaşdırmaq üçün Səhiyyə Nazirliyi ilə birgə çalışır.
Onun sözlərinə görə, iki yoluxma halının aşkarlanmasından dərhal sonra başlanılan peyvəndləmə işləri daha da genişləndiriləcək.
UNICEF-in Suriya üzrə nümayəndəsi Meritxel Relano Arana isə Deyrizorda virusun aşkarlanmasının peyvəndləmənin gücləndirilməsinin və hər bir uşağın həyati əhəmiyyətli peyvəndlərə çıxışının təmin edilməsinin vacibliyini bir daha göstərdiyini bildirib.
Klarinval 14 illik müharibənin Suriya əhalisi və səhiyyə sistemi üzərində ciddi təsirlər buraxdığını qeyd edib. O bildirib ki, ÜST Səhiyyə Nazirliyinə yoluxma hallarının müəyyənləşdirilməsi, analiz nümunələrinin daşınması və xəstəliyin yayılma miqyasının araşdırılması istiqamətində texniki dəstək göstərir.
Onun sözlərinə görə, yoluxanların, təmasda olan şəxslərin və yoluxma hallarının qeydə alındığı ərazilərin müəyyənləşdirilməsi tədbirlərin düzgün planlaşdırılması baxımından vacibdir.
Klarinval əlavə edib ki, Səhiyyə Nazirliyi, ÜST və UNICEF-in dəstəyi ilə xəstəliyin qısa müddətdə nəzarətə götürülməsi məqsədilə mikroplanlaşdırma prosesinə başlanılıb.
ÜST nümayəndəsi poliomielitin qarşısının alınmasının əsas yolunun əhalinin immunlaşdırılması olduğunu vurğulayaraq, uşaqların mümkün qədər tez peyvənd edilməsinin vacibliyini diqqətə çatdırıb.
23:45 08.11.2026
Oxunuş sayı: 75