Üç rəngin ahəngi, bir xalqın qürur mənbəyi - Bayraq Günümüz mübarək!
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
Uşaq vaxtı məktəb kitablarında əzbərlədiyimiz bu misraların mahiyyətini illər keçdikcə dərk etdik. O vaxt uşaq idik. Mənlik nədir, kimlik nədir, yurd nədir – bilmirdik. Parça üzərindəki rənglərin və nişanələrin hansı mənaları daşıdığını, bu bayrağın hansı əziyyətlərlə, hansı qanlarla və hansı iradə ilə hazırlandığını, bu gün isə məğrur torpaqlarımızda necə dalğalandığını dərk etmirdik. Biz kimik? Haradayıq? Cavabın hamısı o bayraqdadır.
Bayraq bir xalqın psixologiyasını, tarixini, adət-ənənələrini özündə birləşdirən müqəddəs atributdur. O, xalqın şəxsiyyət vəsiqəsidir. Bu vəsiqəyə baxan hər kəs xalq haqqında zəruri məlumatları oxuya bilir. Əgər o xalq müstəqildirsə, suverendirə – nə xoş o xalqa!
Azərbaycan bayrağı 1918-ci il noyabrın 9-da qəbul olundu. Bu şəxsiyyət vəsiqəsində hər şey qeyd edildi: milliyyət, din, müstəqillik. Biz bu irsi yüz ildən artıqdır daşıyırıq. Bizə miras qalan bu müqəddəs bayraq bu gün də zirvələrdə dalğalanmaqdadır.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu gün sadəcə rəsmi bayram deyil, milli kimliyimizin, dövlətçiliyimizin və tarixi yaddaşımızın təntənəsidir.
Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bayrağımızın mənası daha da dərinləşdi. Otuz il işğal altında qalan torpaqlarımız azad olundu. Şuşada, Xankəndidə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərdə Azərbaycan bayrağı yenidən qaldırıldı. Prezident İlham Əliyevin şəxsi iştirakı ilə bir çox yerdə bayraqlarımız ucaldıldı. Bu, sadəcə simvolik akt deyildi. Bu, xalqın iradəsinin, dövlətin gücünün və ədalətin təntənəsi idi. Otuz il ərzində bayrağımızın dalğalanmadığı torpaqlarda indi yenidən üçrəngli bayrağımız qürurla dalğalanır.
Bayraq – sadəcə parça deyil. Bayraq – tarixdir, yaddaşdır, gələcəyə inamdır. Bayraq – Azərbaycan xalqının mənliyidir, kimliyidir və öz yurduna öz hakimliyidir.
Bu gün, 9 Noyabr Dövlət Bayrağı Günündə, bayrağımızın altında bir daha and içirik: torpaqlarımız əbədi azad, dövlətimiz əbədi müstəqil, bayrağımız isə əbədi yüksəkdə olacaq!
00:01 09.11.2026
Oxunuş sayı: 72