Tramp Rusiya və ABŞ arasında Avropanın təhlükəsizliyinə dair böyük razılaşmanın mümkün olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiya və ABŞ arasında Ukrayna ilə yanaşı, bütün Avropanın təhlükəsizliyinə təsir göstərə biləcək böyük razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Tramp noyabrın 5-də Ağ Evdə jurnalistlərə açıqlamasında tərəflərin razılaşmaya yaxın olduğunu bildirib. Onun sözlərinə görə, əldə olunacaq sənəd təkcə Ukraynanı deyil, Avropanı da əhatə edə bilər.
ABŞ lideri Ukrayna böhranının da yaxın vaxtlarda başa çatacağına ümid etdiyini deyib. O, Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində Rusiyada mülki əhalinin həlak olmasına diqqət çəkərək, Vaşinqtonun bu məsələni Kiyevlə təmaslarda qaldırdığını vurğulayıb.
Tramp noyabrın 5-də Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyevi qəbul etdiyini, Ukrayna nümayəndə heyəti ilə isə görüşmədiyini bildirib.
ABŞ prezidentinin kürəkəni Cared Kuşner də Ukrayna münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələrdə bütün tərəflərin təhlükəsizlik maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Kuşner bildirib ki, ABŞ gələn həftə Əbu-Dabidə fevral ayından bəri ilk dəfə Ukrayna və Rusiya ilə üçtərəfli məsləhətləşmələr keçirəcək. Onun sözlərinə görə, məqsəd gələcəkdə münaqişə riskini azaldacaq və tərəflərin razılaşdıra biləcəyi praktiki tədbirlər hazırlamaqdır.
O, Avropada davamlı sülhün təmin olunması üçün Rusiyanın da iştirak etdiyi təhlükəsizlik razılaşmalarının vacib olduğunu qeyd edib. Kuşnerin fikrincə, istənilən razılaşma dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərar qəbul etmək hüququna hörmət etməlidir.
Kuşner həmçinin NATO-nun Avropanın kollektiv müdafiəsində əsas rolunu qoruyacağını bildirib. O, ABŞ-nin sülh danışıqları çərçivəsində Rusiya ilə də təmasları davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli məsləhətləşmələrin bərpasına hazır olduqlarını bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə görüşlərin noyabrın 10-u ətrafında Əbu-Dabidə keçirilə biləcəyini açıqlayıb.
02:01 09.11.2026
Oxunuş sayı: 27