Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı: investisiya imkanları və dayanıqlı inkişaf
Giriş
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin sosial-iqtisadi inkişaf sisteminə reinteqrasiyası strateji əhəmiyyət kəsb edən əsas prioritetlərdən birinə çevrilmişdir. Uzun müddət işğal altında olmuş bu ərazilərdə iqtisadi infrastrukturun dağıdılması, istehsal və xidmət sahələrinin fəaliyyətinin dayandırılması, əhalinin doğma yurdlarından məcburi köçkün düşməsi regionun iqtisadi potensialından istifadəyə ciddi maneələr yaratmışdır. Hazırda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yalnız dağıdılmış infrastrukturun yenidən qurulmasını deyil, həm də müasir iqtisadi münasibətlərə əsaslanan yeni inkişaf modelinin formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması, özəl investisi-yaların cəlb edilməsi, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılması, müasir nəqliyyat-logistika sisteminin qurulması və yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi xüsusi aktuallıq daşıyır.
Bütün bunlar, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Zəfər günü münasibətilə nəşr etdiyi “Invest in Garabagh and Eastern Zangezur” adlı xüsusi icmalda da konkret rəqəmlər əsasında ətraflı şərh edilir. Ümumilikdə isə, dövlətin iqtisadi siyasətinin əsas hədəf-lərindən olan Böyük qayıdış, regionun investisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, infrastruktur layihələri və perspektiv iqtisadi fəaliyyət istiqamətləri müxtəlif dövrlərdə müstəqil araşdırmaçılar, dövlət və qeyri-dövlət qurumları tərəfindən ətraflı təhlil edilir, problemlər və perspektivlər öyrə-nilir. Təhlil və araşdırmalar göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm istehsal, logistika, enerji və turizm mərkəzlərinə çevrilmək potensialına malikdir.
İnvestisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa dövlət dəstəyi
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, kənd təsərrüfatı imkanları və turizm resursları ilə fərqlənir. Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarının inkişafı üçün əlverişli imkanlar mövcuddur. Polimetal filiz yataqları, tikinti materialları və mineral sular regionun mühüm təbii resursları hesab olunur. Şərqi Zəngəzur isə qızıl, civə, mərmər, üzlük daşı, perlit və digər faydalı qazıntılar baxımından əhəmiyyətli potensiala malikdir. Regionların iqtisadi inkişafında təbii resurslarla yanaşı, onların coğrafi mövqeyi də mühüm üstünlük yaradır. Xüsusilə, Zəngilan və Cəbrayılın beynəlxalq nəqliyyat əlaqələri baxımından strateji mövqeyi, Laçın və Kəlbəcərin turizm və dağ-mədən sənayesi imkanları, Ağdamın isə sənaye və aqrar emal mərkəzi kimi formalaşdırılması perspektivləri regionun iqtisadi ixtisaslaşmasının əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan iqtisadi rayonların inkişafına vahid yanaşma ilə yanaşı, hər bir ərazinin müqayisəli üstünlüklərinə əsaslanan ixtisaslaşma modelinin tətbiqi vacibdir. Belə yanaşma həm mövcud resurslardan daha səmərəli istifadə etməyə, həm də regionlar arasında iqtisadi əlaqələrin genişlənməsinə imkan yarada bilər.
Aydındır ki, bütün sahələrdə iqtisadi tərəqqinin zəruri şərtlərindən biri də zəruri maliyyə təminatının olmasıdır. Bu baxımdan da, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artırılmasının əsas şərtlərindən biri də əlverişli investisiya mühitinin yaradılmasıdır. Regionda sahibkarlığın inkişafı üçün vergi və gömrük güzəştləri, sosial sığorta subsidiyaları, kommunal xidmətlərə maliyyə dəstəyi, dövlət zəmanətli kreditlər və əmək miqrasiyası ilə bağlı sadələşdirilmiş mexanizmlər tətbiq edilir. Konkret olaraq, 2023-cü il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə rezident olan sahibkarlıq subyektləri üçün mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə 10 il müddətinə azadolmalar mövcuddur. Eyni zamanda, müvafiq fəaliyyət sahələrində istifadə olunan avadanlıqların, xammal və materialların idxalına ƏDV və gömrük rüsumları üzrə güzəştlər tətbiq olunur. Təbii ki, bütün bunlar investisiya cəlbediciliyi üçün mühüm əhəmiyyət daşıyır.
Region üçün güzəştlərin miqyası daha genişdir və dövlət dəstəyinin digər istiqaməti sosial sığorta ödənişlərinin subsidiyalaşdırılmasıdır. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən işəgötürənlərin məcburi dövlət sosial sığorta haqlarının dövlət tərəfindən ödənilən hissəsi 2023-2025-ci illərdə 100 faiz, 2026–2028-ci illərdə 80 faiz, 2029–2030-cu illərdə 60 faiz, 2031–2032-ci illərdə isə 40 faiz səviyyəsində müəyyən edilmişdir. Muzdlu əmək fəaliyyəti ilə əlaqədar olmayan gəlirlər üzrə sosial sığorta ödənişlərinin isə 10 il müddətində tam subsidiyalaşdırılması nəzərdə tutulur.
Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi baxımından dövlət zəmanətli kredit mexanizmi də xüsusi əhəmiyyət daşıyır. İİTKM-in məlumatlarına əsasən, sahibkarlar üçün 500 milyon manatlıq kredit portfeli formalaşdırılmış, bunun 450 milyon manatadək hissəsi üzrə dövlət zəmanəti nəzərdə tutulmuşdur. Dövlət zəmanəti ilə verilən kreditlər üzrə illik faiz dərəcəsinin 50 faizinin 36 ayadək subsidiyalaşdırılması maliyyə yükünün azaldıl-masına xidmət edir. Bu tədbirlər investisiya xərclərinin aşağı salınmasına, sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə və yeni müəssisələrin yaradılmasına stimul verir. Bütün bunlarla yanaşı, uzunmüddətli perspektivdə dövlət dəstəyinin əsas məqsədi sahibkarlığın güzəştlərdən asılılığını artırmaq deyil, rəqabətqabiliyyətli və özünü maliyyələşdirə bilən, yeni iş yerləri və əlavə dəyər yaradan, biznes subyektlərinin formalaşmasına şərait yaratmaq olmalıdır.
Maraqlı məqamlardan biri də regionda sahibkarlıq təşəbbüslərinin artmasıdır. İİTKM-in açıqlamasına görə 2026-cı il oktyabrın 1-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 39 ölkəni təmsil edən xarici müraciətlər də daxil olmaqla, ümumilikdə 4593 müraciət daxil olmuşdur. Onlardan 3467-si investisiya layihələri ilə bağlıdır ki, bunun da 98 faizini yerli, 2 faizini isə xarici investisiya layihələri təşkil edir ki, bu da regionda sahibkarlıq marağının yüksək olduğunu ifadə edir. Sahəvi təsnifata gəldikdə isə, layihələrin sahələr üzrə bölgüsündə ticarət və xidmətlər 63 faiz, sənaye 13 faiz, kənd təsərrüfatı 15 faiz, tikinti, turizm, səhiyyə, təhsil, mədəniyyət və nəqliyyat-logistika sahələri isə 9 faiz paya malikdir. Bu göstəricilər iqtisadi fəallığın ilkin mərhələdə daha çox ticarət və xidmətlərdə cəmləşdiyini, eyni zamanda istehsal və aqrar sahələrdə də investisiya imkanlarının mövcud olduğunu göstərir.
Müasir infrastruktur iqtisadi inkişafın əsas şərti kimi
Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin ölkənin əsas hissəsinə iqtisadi reinteqrasiyası üçün vacib məqamlardan biri də lazımi infrastruktur təminatının formalaşdırılmasıdır. Bu mənada, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi reinteqrasiyasında müasir infrastrukturun yaradılması fundamental əhəmiyyət daşıyır. Nəqliyyat, enerji, rabitə, su təchizatı və sosial infrastrukturun bərpası regionda istehsal fəaliyyətinin genişləndirilməsi və əhalinin dayanıqlı məskunlaşması üçün zəruri ilkin şərtlərdir. Nəqliyyat infrastrukturunun inkişafı xüsusilə diqqətəlayiqdir və regionda magistral avtomobil yollarının, dəmir yollarının və hava limanlarının tikintisi və bərpası həyata keçirilməkdədir. Bərdə–Ağdam, Ağdam–Füzuli, Toğanalı–Kəlbəcər–İstisu, Kəlbəcər–Laçın, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları bu istiqa-mətdə mühüm layihələrdəndir. Dəmir yolu infrastrukturunun inkişafı da regionun iqtisadi və tranzit potensialının reallaşdırılmasında mühüm rol oynayır. Ağdam–Xankəndi, Horadiz–Ağbənd və Ağbənd–Səlamməlik istiqamətlərində nəzərdə tutulan dəmir yolu layihələri regionun nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının yaradılması isə hava nəqliyyatı imkanlarını genişləndirir. Onu da qeyd edək ki, nəqliyyat şəbəkəsinin inkişafı Qarabağ və Şərqi Zəngəzurun, yalnız daxili iqtisadi əlaqələrini deyil, həm də Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində iştirakını gücləndirə bilər. Yuxarıda da qeyd edildiyi kimi, xüsusilə, Zəngilan və Cəbrayılın Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin genişləndirilməsindəki mövqeyi regionun strateji əhəmiyyətini artırır.
Yaşıl enerji zonası elan edilmiş işğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturu sahəsində də mühüm nəticələr təmin olunmuşdur. 2026-cı ilin oktyabr ayına olan məlumata görə, region milli enerji sisteminə dörd istiqamətdən qoşulmuş, bir ədəd 330 kV-luq və 13 ədəd 110 kV-luq yarımstansiya istismara verilmişdir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyası fəaliyyət göstərir. Bütün bunlar regionun enerji təminatında, eləcə də ölkənin ümumi enerji balansında mövqeyini ifadə edir. Nəzərə alsaq ki, müxtəlif ərazilərdə alternativ enerji mənbələrindən istifadə istiqamətində davamlı layihələr icra edilməkdədir, onda gələcəkdə regionun nəinki öz tələbatını ödəyəcəyi, hətta ixrac imkanları da yaradacağı aydın olar.
Beləliklə, nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun paralel inkişafı regionda iqtisadi fəallğı yüksəltmək, sosial-iqtisadi fəaliyyətin təşkili xərclərini azaltmaqla yanaşı, yeni investisiyaların cəlb edilməsinin də əsas amillərindən birinə çevrilir.
Sənaye və aqrar sektorun inkişaf perspektivləri
İşğaldan azad edilmiş ərazilər sənayenin ayrı istiqamətləri, turizm xidmətləri, kənd təsərrüfatı üçün biznes potensialı mövcuddur. Bircə faktı qeyd etmək istərdim ki, işğal dövründə erməni vandalizminə məruz qalan Zəngəzurda yerləşən Mis-molibden yatağı bir ildə 60 milyon manatdan çox vergi ödəyirdi, eyni zamanda işğaldan əvvəl ərazidə hektarlarla əkin sahələri var idi, minlərlə iri və xırda buynuzlu heyvan saxlanılırdı. Yəni Region ölkənin ət-süd təminatında, taxıl, kortofçuluq, meyvə-tərəvəz təminatında mühüm paya malik idi. Bu baxımdan da, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasında sənaye və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdən hesab olunur. Bu sahələrin inkişafı regionda məşğulluğun artırılması, yerli xammal ehtiyatlarından səmərəli istifadə edilməsi və əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Sənaye inkişafının əsas mərkəzlərindən biri olan 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında 2026-cı ilin sentyabrına olan məlumata görə, 36 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Buraya yatırılan investisiyaların həcmi 102,94 milyon ABŞ dolları, yaradılmış iş yerlərinin sayı isə 1043 nəfərdir. Sənaye parkında ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı, tikinti materialları, maşınqayırma, yüngül sənaye, qablaşdırma, aqrokimya, gübrə və yem istehsalı, texniki xidmət və logistika istiqamətlərinin inkişafı nəzərdə tutulur.
Regionda reallaşdırılan, digər mühüm layihə Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır. 200 hektar ərazini əhatə edən parkda 2026-cı ilin sentyabrına 19 rezident və 2 qeyri-rezident qeydiyyata alınmış, investisiya həcmi 29,41 milyon ABŞ dollarına, yaradılmış iş yerlərinin sayı isə 136 nəfərə çatmışdır. Parkın əsas fəaliyyət istiqamətləri anbar və soyuducu təsərrüfatlar, logistika, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması, alternativ enerji, tikinti materialları və maşınqayırma sahələrini əhatə edir.
Aqrar sektorun inkişafı baxımından Zəngilan rayonunda yaradılan “Dost Aqropark” xüsusi əhəmiyyətə malikdir. 6000 hektar ərazini əhatə edən kompleksə ümumilikdə 100 milyon ABŞ dolları investisiya yatırılması və 500 nəfər üçün məşğulluq imkanının yaradılması nəzərdə tutulur. Layihənin əsas istiqamətləri damazlıq heyvandarlıq, ət emalı və qablaşdırılması, toxumçuluq və tingçilik fəaliyyətidir. Regionun potensial imkanlarına baxdıqda, aqrar sahənin inkişafında, yalnız ilkin kənd təsərrüfatı istehsalının artırılması ilə kifayətlənmək məqsədəuyğun deyil. Məhsulun emalı, saxlanılması, qablaşdırılması, daşınması və ixracı üzrə inteqrasiya olunmuş dəyər zəncirinin formalaşdırılması vacibdir. Bu, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, fermerlərin gəlirlərinin artmasına və regionda sənaye-aqrar əlaqələrinin güclənməsinə şərait yarada bilər. Xüsusilə, Ağdam və Cəbrayıl sənaye parklarının aqrar istehsal və emal müəssisələri ilə əlaqələndirilməsi, Zəngilanda yaradılan aqroparkın isə müasir logistika və ixrac infrastrukturu ilə təmin edilməsi regionda iqtisadi səmərəliliyi yüksəldə bilər.
Yaşıl enerji və təbii ehtiyatlardan səmərəli istifadə
Əvvəldə də qeyd edildiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun inkişaf strategiyasında yaşıl enerji konsepsiyası mühüm yer tutur. Regionun hidroenerji, günəş və külək enerjisi potensialı alternativ enerji istehsalının genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. İİTKM-in məlumatına görə, Qarabağ və Şərqi Zəngəzurun ümumi yaşıl enerji potensialının 10 min MVt səviyyəsində qiymətləndirilir. 2022–2026-cı illər üzrə Yaşıl Enerji Zonası yaradılması ilə bağlı Fəaliyyət Planında bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin yüksəldilməsi, yaşıl texnologiyaların tətbiqi və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərdə tutulmuşdur. Cəbrayıl rayonunda BP şirkətinin iştirakı ilə 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi, Kəlbəcər və Laçın rayonlarında kiçik su elektrik stansiyalarının bərpası və istismarı bu istiqamətdə həyata keçirilən layihələrdəndir. Həmçinin Kəlbəcər rayonunda yerləşən “Elbəydaş” filiz yatağının geoloji tədqiqi və işlənməsi üzrə fəaliyyət nəzərdə tutulur. Təbii resurslardan istifadənin iqtisadi səmərəliliyinin artırılması üçün hasilatla yanaşı, regionda ilkin emal və son məhsul istehsalının da təşkili vacibdir. Ağdamda Şahbulaq daş karxanasının, Ağdərədə “Dəmirli” filiz emalı kompleksinin və Xocalıda kərpic zavodunun fəaliyyətə başlaması yerli xammalın iqtisadi dövriyyəyə cəlb olunmasının nümunələridir. Yaşıl enerji potensialının reallaşdırılması regionun enerji təminatını yaxşılaşdırmaqla yanaşı, enerji tutumlu istehsal sahələrinin inkişafına, ekoloji dayanıqlığın qorunmasına və gələcəkdə yaşıl iqtisadiyyat üzrə yeni investisiyaların cəlb edilməsinə imkan yarada bilər.
Turizm potensialı və regional identikliyin iqtisadi inkişafda rolu
Qarabağ və Şərqi Zəngəzur zəngin tarixi-mədəni irsi, dağlıq landşaftları, təbii gözəllikləri, mineral suları və unikal turizm resursları ilə Azərbaycanın perspektiv turizm məkanlarından biridir. Regionda turizmin inkişafı bir neçə əsas istiqamət üzrə həyata keçirilə bilər. Bunlara tarixi-mədəni turizm, ekoturizm və dağ turizmi, sağlamlıq və termal turizm, qış turizmi daxildir.
Konkret ərazilər üzrə baxsaq, Şuşa, Ağdam, Füzuli və Cəbrayıl tarixi-mədəni turizm baxımından əhəmiyyətli potensiala malikdir. Kəlbəcər və Xocavənd ərazilərində yerləşən qədim Qafqaz Albaniyası kilsələri dini və mədəni turizmin inkişafı üçün maraqlı obyektlər hesab olunur. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan isə dağ yürüşləri, düşərgə turizmi, təbiət turları və fotoqrafiya üçün əlverişli imkanlar yaradır. Kəlbəcərin məşhur İstisu mineral bulaqları sağlamlıq və müalicə turizminin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Laçın və Kəlbəcərin dağlıq əraziləri isə qış turizmi və xizək kurortlarının yaradılması üçün perspektivli hesab olunur.
Bununla belə, turizmin inkişafını, yalnız mehmanxanaların, istirahət mərkəzlərinin və digər xidmət obyektlərinin yaradılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Regionun tarixi, mədəniyyəti, ənənələri, memarlıq irsi və təbii landşaftı əsasında vahid turizm identikliyinin formalaşdırılması vacibdir. Xüsusilə, Şuşanın mədəniyyət və musiqi mərkəzi kimi tarixi mövqeyi, Kəlbəcərin dağ və mineral su turizmi, Laçının təbiət və ekoturizm imkanları, Ağdamın tarixi yaddaş və yenidənqurma məkanı kimi xüsusiyyətləri turizm məhsullarının fərqləndirilməsində mühüm rol oynaya bilər. Kəlbəcərdə turizm identikliyinin formalaşdırılması xüsusi diqqət tələb edir. İstisu mineral bulaqları, dağ-meşə landşaftları, yaylaqlar və təbii rekreasiya resursları əsasında sağlamlıq, ekoloji və dağ turizminin vahid konsepsiyada birləşdirilməsi mümkündür. Bu yanaşma Kəlbəcərin, yalnız istirahət məkanı kimi deyil, həm də Azərbaycanın təbii və mədəni irsini təmsil edən xüsusi turizm brendi kimi tanınmasına xidmət edə bilər. Turizm marşrutlarının Şuşa, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli və digər ərazilər arasında əlaqələndirilməsi turistlərin regionda qalma müddətini artırmaqla yanaşı, mehmanxana, nəqliyyat, ictimai iaşə, kənd təsərrüfatı və sənətkarlıq sahələrində iqtisadi fəallığı da genişləndirə bilər.
Nəticə əvəzi
Beləlikl, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və inkişafı Azərbaycanın müasir iqtisadi tarixində ən mühüm strateji layihələrdən biridir. Regionda həyata keçirilən infrastruktur quruculuğu, sahibkarlığa dövlət dəstəyi, sənaye parklarının və aqroparkların yaradıl-ması, yaşıl enerji layihələri, nəqliyyat-kommunikasiya şəbəkəsinin genişləndirilməsi iqtisadi reinteqrasiyanın əsasını formalaşdırır. Araşdırma və təhlillər regionda investisiya və biznes fəallığının artdığını, müxtəlif iqtisadi fəaliyyət istiqamətləri üzrə institusional və infrastruktur imkanlarının genişləndiyini göstərir. Bununla belə, qarşıda duran əsas vəzifə yaradılmış infrastruktur və dövlət dəstəyi imkanlarını davamlı iqtisadi nəticələrə çevirməkdir. Bunun üçün investisiyaların istehsal və emal sahələrinə yönəldilməsi, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi, turizm identikliyinin formalaşdırılması, yerli məşğulluğun artırılması və regionlararası iqtisadi inteqrasiyanın gücləndirilməsi vacibdir. Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı, yalnız ayrı-ayrı iqtisadi layihələrin həyata keçirilməsi ilə deyil, həm də onların vahid iqtisadi sistem daxilində əlaqələndirilməsi ilə mümkün olacaqdır. Bu baxımdan regionun sənaye, kənd təsərrüfatı, logistika, yaşıl enerji və turizm potensialının kompleks şəkildə reallaşdırılması daha uğurlu ola bilər.
10:45 09.11.2026
Oxunuş sayı: 37