Azərbaycanlı basketbolçu NBA və FIBA-nın beynəlxalq düşərgəsinə dəvət alıb
Azərbaycan millisinin üzvü Polina Şukina NBA, WNBA və FIBA-nın birgə təşkil etdiyi "Basketball Without Borders" (BWB) proqramının qadınlar üçün nəzərdə tutulan "BWB Next Up" düşərgəsinə seçilib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Sinqapurda keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu yer alacaq. Bununla da Azərbaycan ilk dəfə sözügedən proqramda təmsil olunacaq.
Noyabrın 18-dən 21-dək davam edəcək düşərgə müddətində iştirakçılar tanınmış basketbolçular və məşqçilərin rəhbərliyi altında məşqlərdə, həmçinin oyunlarda iştirak edərək bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Ən yaxşı oyunçular "BWB All-Star" düşərgəsinə seçilmək şansı əldə edəcəklər.
Qeyd edək ki, P.Şukina 2025-ci ildə U-16 Avropa çempionatının B divizionunda ən çox xal toplayan üç basketbolçudan biri olub. O, 2026-cı ildə keçirilən U-18 Avropa çempionatının B divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnirin lideri olub.
12:34 09.11.2026
Oxunuş sayı: 37