Başqalarının uşaqları bacarır, mənimki niyə yox?- Valideynlərin təhlükəli müqayisəsi
Uşaq bağçası seçimi, məktəbə hazırlıq, repetitor xidmətləri, xarici dil kursları, idman və musiqi dərsləri bir çox ailənin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bəzi valideynlər övladlarının gələcəyini təmin etmək məqsədilə həm maddi, həm də mənəvi baxımdan öz imkanlarını maksimum səviyyədə səfərbər edirlər. Digərləri isə ətrafdakı ailələrlə müqayisə apararaq uşaqlarına kifayət qədər imkan yarada bilmədiklərini düşünürlər.
Xüsusilə sosial şəbəkələrdə digər ailələrin uşaqlarının nailiyyətlərini görmək valideynlərdə əlavə psixoloji təzyiq yarada bilir. Nəticədə uşağın inkişafı üçün nəzərdə tutulan fəaliyyətlər bəzən həm valideyn, həm də uşaq üçün stress mənbəyinə çevrilir. Daimi narahatlıq, yorğunluq və yüksək gözləntilər isə ailədaxili münasibətlərə, həyat yoldaşları arasındakı ünsiyyətə və valideyn-övlad əlaqələrinə mənfi təsir göstərə bilər.
Bəs müasir valideynləri bu qədər narahat edən əsas səbəblər hansılardır?

Psixoloq psixoloq Aysu Həsənzadə bildirib ki, müasir valideynlərin ən böyük narahatlıqlarından biri uşaqlarının hansısa bacarığı yaşıdlarından gec mənimsəməsi və gələcəkdə onlardan geri qalmasıdır:
"Bu narahatlıq çox vaxt uşağın real inkişaf səviyyəsindən deyil, valideynin ətrafında gördüyü digər uşaqlarla apardığı müqayisələrdən yaranır. Məsələn, bir ana görür ki, övladı ilə eyni yaşda olan başqa bir uşaq artıq ingilis dilində danışır, sərbəst oxuyur və müxtəlif dərnəklərə gedir. Bundan sonra öz uşağının inkişafına əvvəlki kimi baxmamağa başlayır. Uşağın dünən bacarmadığı bir işi bu gün bacarması artıq onu sevindirmir, çünki diqqəti uşağın öz inkişafından başqasının əldə etdiyi nəticəyə yönəlir. Burada çox vacib bir psixoloji məqam var, valideyn uşağının inkişafını izləməkdən tədricən onu qiymətləndirməyə keçir.Bu prosesdə sosial müqayisənin rolu böyükdür. İnsan təbiətən özünü başqaları ilə müqayisə etməyə meyillidir, valideynlikdə isə bu meyil daha həssas xarakter alır. Xüsusilə sosial şəbəkələr bu müqayisəni daha da artırır. Valideyn gün ərzində müxtəlif uşaqların nailiyyətlərini, uğurlarını, öyrəndikləri yeni bacarıqları görür və istər-istəməz öz övladının inkişafını da həmin meyarlarla ölçməyə başlayır. Ancaq bir məqam unudulur, sosial şəbəkədə biz uşağın inkişaf prosesini deyil, çox vaxt həmin prosesin ən uğurlu və nümayiş etdirilməyə uyğun hissəsini görürük. Uşağın hansı çətinliklərdən keçdiyini, nə qədər dəstəyə ehtiyac duyduğunu, hansı bacarıqları hələ mənimsəmədiyini bilmirik. Araşdırmalar da göstərir ki, valideynlərin sosial şəbəkələrdə digər valideynlərlə müqayisə aparması onların öz valideynlik bacarıqlarına inamını azalda və narahatlığını artıra bilər. Beləliklə, valideyn başqasının paylaşımına baxaraq özünü və bəzən də uşağını kifayət qədər uğurlu hesab etməməyə başlayır.Digər tərəfdən, bu qorxunun arxasında valideynlərin öz uşaqlıq təcrübələri də dayana bilər. Bəzən insan özünün yaşaya bilmədiyi imkanları, əldə edə bilmədiyi uğurları övladının həyatında reallaşdırmaq istəyir. Özü müəyyən çətinliklər yaşayıbsa, uşağının heç bir çətinliklə qarşılaşmamasını, hər sahədə uğurlu olmasını arzulayır. Bu istəyin arxasında sevgi və qoruma ehtiyacı olsa da, bəzən valideyn uşağın fərdi maraqlarını və ehtiyaclarını öz gözləntilərinin arxasında qoyur. Hətta uşağın nə istədiyindən çox, gələcəkdə nəyə nail olacağı ilə maraqlanmağa başlayır. Halbuki uşağın öz maraqlarını kəşf etməsi, seçim etmək imkanı qazanması və müəyyən sahələrdə çətinlik yaşayaraq öyrənməsi də sağlam inkişafın bir hissəsidir.Burda isə əsas mənfi hadisə uğurlu uşaq anlayışının getdikcə eyniləşməsidir. Sanki müasir dövrdə uğurlu uşaq mütləq bir neçə dil bilməli, musiqi alətində ifa etməli, idmanla məşğul olmalı, dərslərində yüksək nəticə göstərməli və hər zaman aktiv olmalıdır. Bəs bütün bunları bacarmayan uşaq uğursuzdurmu. Əlbəttə ki, yox. Hər uşağın maraqları, temperament xüsusiyyətləri, öyrənmə sürəti və güclü tərəfləri fərqlidir. Bir uşaq məlumatı çox sürətlə mənimsəyə bilər, digəri isə sosial münasibətlər qurmaqda, emosiyalarını ifadə etməkdə və ya yaradıcı düşünməkdə daha güclü ola bilər. Uşağın inkişafını yalnız akademik göstəricilərlə qiymətləndirmək onun şəxsiyyətinin digər vacib tərəflərini görməməyimizə səbəb olur.Burada bir başqa incə məqam da var. Valideyn uşağının gələcəkdə uğurlu olmasını o qədər istəyir ki, bəzən onun indiki ehtiyaclarını unudur. Uşaq hələ oynamaq, araşdırmaq, sual vermək, bəzən heç nə etmədən vaxt keçirmək istəyir, valideyn isə hər boş vaxtı yeni bir fəaliyyətlə doldurmağa çalışır. Halbuki oyun uşağın sadəcə vaxt keçirməsi deyil, onun düşünmə, problem həll etmə, ünsiyyət qurma və emosiyalarını tənzimləmə bacarıqlarının inkişaf etdiyi təbii mühitdir. Uşağın hər dəqiqəsini faydalı fəaliyyətlə doldurmaq onun inkişafını mütləq sürətləndirmir. Bəzən uşağın ən çox ehtiyac duyduğu şey əlavə məşğələ deyil, sərbəst oyun və valideyni ilə keyfiyyətli vaxt keçirməkdir.Elmi araşdırmalarda da uşağın sağlam motivasiyası üçün onun seçimlərinə hörmət edilməsinin, bacarıqlarının dəstəklənməsinin və valideyn tərəfindən qəbul olunduğunu hiss etməsinin əhəmiyyəti görə bilərik. Uşaq yalnız nəticə göstərdiyi zaman deyil, cəhd etdiyi, öyrəndiyi və səhv etdiyi zaman da dəstək görməlidir. Çünki davamlı olaraq nəticəyə fokuslanan uşaq zamanla öyrənməkdən çox, uğursuz görünməməyə çalışa bilər. Səhv etməkdən qorxa, yeni fəaliyyətlərə başlamaqdan çəkinə və öz dəyərini əldə etdiyi nəticələrlə ölçə bilər. Bu isə gələcəkdə onun özünəinamına və müstəqil qərar vermə bacarığına təsir göstərə bilər.Ona görə də uşağınızın yaşıdlarından geri qalmamasına çalışarkən onun öz inkişaf tempini itirməsinə səbəb olmayın. Əlbəttə, yaşa uyğun inkişaf göstəricilərini izləmək, nitq, hərəkət, sosiallaşma və digər sahələrdə davamlı çətinliklər müşahidə edildikdə mütəxəssisə müraciət etmək vacibdir. Fərdi inkişaf tempinə hörmət etmək ehtiyacları görməzdən gəlmək demək deyil. Sadəcə uşağı başqa bir uşağın nəticələri ilə deyil, öz əvvəlki inkişafı ilə müqayisə etmək lazımdır. Çünki əsas məsələ uşağın hamıdan tez oxuması, hamıdan çox dil bilməsi və ya hamıdan yaxşı nəticə göstərməsi deyil. Əsas məsələ onun özünü tanıyan, çətinliklərlə qarşılaşdıqda mübarizə apara bilən, emosional baxımdan sağlam və özünə inanan bir fərd kimi böyüməsidir. Bəzən uşağın gələcəyinə etdiyimiz ən böyük yaxşılıq ona daha çox şey öyrətmək deyil, öz uşaqlığını yaşamağa imkan verməkdir".
Məhəbbət Tərlanoğlu
15:30 09.11.2026
Oxunuş sayı: 47