Qulu Məhərrəmli: Azərbaycan mediasında dil normalarına tələbkarlıq artırılmalıdır
Dil hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən mühüm sərvətlərdən biridir. Onun qorunması və inkişaf etdirilməsi yalnız dövlətin və dilçi alimlərin deyil, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də kütləvi informasiya vasitələrinin üzərinə düşən mühüm vəzifədir. Çünki media təkcə baş verən hadisələri ictimaiyyətə çatdıran vasitə deyil, həm də cəmiyyətin danışıq və yazı mədəniyyətinə, dil vərdişlərinə təsir göstərən əsas platformalardan biridir.
Müasir informasiya mühitində xəbər portallarının, televiziya və radio kanallarının təsir dairəsinin genişlənməsi Azərbaycan dilinin ədəbi normalarının qorunması məsələsini daha da aktuallaşdırır. Bəzən tələskənlik, peşəkar redaktə çatışmazlığı, alınma sözlərdən yersiz istifadə və dil qaydalarına etinasızlıq mediada müəyyən nöqsanların yaranmasına səbəb olur. Halbuki jurnalistin hər sözü, qurduğu hər cümlə geniş auditoriya üçün nümunədir. Bu baxımdan mediada Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına riayət edilməsi və dil mədəniyyətinin yüksəldilməsi həm peşəkarlıq, həm də milli məsuliyyət məsələsidir.
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, mediada Azərbaycan dilinin düzgün, dürüst və ədəbi normalara uyğun işlədilməsi daim aktual olan məsələlərdəndir: “Dil qaydalarına nə dərəcədə əməl olunur? Mediamız Azərbaycan dilində nə qədər səlis və düzgün yazır? Gənc əməkdaşlarımız fikirlərini dəqiq və aydın ifadə edə bilirlərmi? Xəbər yazan, analitik məqalələr hazırlayan müəlliflər Azərbaycan dilinin imkanlarından düzgün istifadə etməyi bacarırlarmı? Bu məsələlər hər zaman diqqət mərkəzində olmalıdır. Bu suala cavab verərkən iki məqamı qeyd etmək lazımdır. Birincisi, kifayət qədər təcrübəli jurnalistlərimiz, peşəkar fəaliyyət göstərən media orqanlarımız var. Azərbaycan dilindən yüksək səviyyədə istifadə edən, dil normalarına riayət edən media qurumlarımız mövcuddur. Bununla yanaşı, həm xəbər saytlarında, həm televiziyada, həm də radioda dil qaydalarının pozulması hallarına rast gəlinir”.
Q.Məhərrəmli bildirib ki, bu nöqsanların aradan qaldırılması üçün, ilk növbədə, tələbkarlıq artırılmalıdır: “İkinci mühüm məsələ isə media sahəsini özünə peşə seçən, xüsusilə gənc əməkdaşların Azərbaycan dilinin qaydalarını dərindən mənimsəməsidir. Onlar publisistik üslubun xüsusiyyətlərini, özünəməxsus leksik imkanlarını və ifadə vasitələrini bilməli, alınma sözlərdən hansı hallarda və necə istifadə edilməsinə diqqət yetirməlidirlər. Cümlənin quruluşundan tutmuş ifadə olunan fikrin aydınlığına qədər hər bir məqam diqqətlə nəzərdən keçirilməlidir. Bu baxımdan mediada hələ də müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması, ilk növbədə, media qurumlarında çalışan peşəkarların vəzifə borcudur. Redaktorlar materialları diqqətlə nəzərdən keçirməli, gənc jurnalistlərə sözlərin düzgün yazılışını, ifadələrin yerində işlədilməsini, terminologiyadan hansı hallarda istifadə olunmasının vacibliyini öyrətməlidirlər. Bütün bunlar dilin istifadəsi ilə bağlı incə məsələlərdir. Onların mənimsənilməsi yalnız universitet auditoriyalarında deyil, bilavasitə media qurumlarının özündə, praktik fəaliyyət prosesində də həyata keçirilməlidir. Çünki media qurumları həm də gənc jurnalistlər üçün bir növ praktiki məktəb rolunu oynamalıdır”.
Ayhan
13:30 09.11.2026
Oxunuş sayı: 41