Paşinyan İranın vitse-prezidentini qəbul edib
Ermənistanın baş naziri Nikol Paşinyan İranın vitse-prezidenti Həmid Purməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
İran nümayəndə heyəti Ermənistan-İran Hökumətlərarası Komissiyasının 19-cu iclasında iştirak etmək üçün noyabrın 8-də İrəvana səfər edib.
Paşinyan hökumətlərarası komissiyanın səmərəli fəaliyyətinin vacibliyini vurğulayıb. O, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verdiyini bildirib.
Həmid Purməhəmmədi isə İran prezidenti Məsud Pezeşkianın salamlarını Ermənistanın baş nazirinə çatdırıb və Tehranla İrəvan arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
17:40 09.11.2026
Oxunuş sayı: 49