Noyabrın 10-da bürcləri nə gözləyir?
Astrologiyaya maraq göstərənlər üçün hər yeni gün özlüyündə yeni suallar və gözləntilər yaradır. Bəziləri günə başlamazdan əvvəl bürclərinin proqnozunu oxuyaraq qarşıdakı saatlarda onları nələrin gözlədiyini öyrənməyə çalışır. Sevgi münasibətləri, iş həyatı, maliyyə məsələləri, sağlamlıq və şəxsi qərarlar – bütün bunlar gündəlik astroloji proqnozlarda xüsusi yer tutur.
Bəs sabah, noyabrın 10-da, bürcləri hansı yeniliklər gözləyir?

Crossmedia.az-a açıqlamasında astroloq Nərmin Zeynalova bildirib ki, səmada müəyyən gərgin astroloji aspektlər olsa da, onların təsiri yaxın zamanda zəifləyəcək:
"Hazırda bizə daha çox təsir göstərən amillərdən biri planetlərin retrohərəkətidir.
Hazırda beş planet – Merkuri, Venera, Saturn, Uran və Neptun retrohərəkətdədir. Onların arasında gündəlik həyatımıza daha çox təsir göstərdiyi hesab edilən planetlər Merkuri və Veneradır. Merkuri hazırda Əqrəb, Venera isə Tərəzi bürcündə retrohərəkət edir.
Veneranın retrohərəkəti, əsasən, şəxsi münasibətlərə və maliyyə məsələlərinə təsir göstərir. Bu baxımdan ən çox Tərəzi və Qoç bürcləri diqqətli olmalıdır. Bu bürclərin nümayəndələrinin həyatında keçmiş münasibətlər yenidən gündəmə gələ, əvvəl yarımçıq qalmış məsələlər yenidən diqqət tələb edə bilər. Məsələn, keçmiş sevgililərin yenidən ortaya çıxması və ya şəxsi münasibətlərdə həllini tapmamış problemlərin gündəmə gəlməsi mümkündür.
Maliyyə məsələlərində də keçmişdən qalan öhdəliklər aktuallaşa bilər. Kiminsə sizə borcu varsa, həmin məbləği geri ala bilərsiniz. Əksinə, özünüzün kiməsə borcunuz varsa, qarşı tərəf həmin vəsaiti geri tələb edə bilər.
Merkurinin Əqrəb bürcündə retrohərəkəti isə daha çox Əqrəb və Buğa bürclərinə təsir göstərə bilər. Ümumiyyətlə, Merkurinin retrohərəkəti dövründə yeni texniki avadanlıqlar almaq, yeni işə başlamaq, iş yerini dəyişmək və ya işdən ayrılmaq, eləcə də mühüm sənədlərə imza atmaq astroloji baxımdan tövsiyə edilmir. Bu məqamlar bütün bürclərə aiddir.
Noyabrın 13-14-də Merkurinin və Veneranın retrohərəkətinin başa çatması ilə nisbətən rahat dövr başlayacaq. Bundan sonra yalnız daha böyük planetlərin retrohərəkətlərinin təsiri davam edəcək. Lakin həmin planetlərin konkret bir insana fərdi təsirini yalnız onun doğum xəritəsi əsasında müəyyənləşdirmək mümkündür. Çünki bu planetlər şəxsi planetlər hesab olunmur və fərdi səviyyədə təsirləri doğum xəritəsindən asılı olaraq dəyişir.
Bununla belə, böyük planetlərin retrohərəkətləri ümumi ictimai proseslərdə də müəyyən çətinliklərlə əlaqələndirilir. Məsələn, Saturnun retrohərəkətdə olduğu dövrlərdə gecikmələrin daha çox yaşandığı hesab olunur. Xüsusilə Saturn və Merkurinin eyni vaxtda retrohərəkətdə olması sənədləşmə və digər inzibati proseslərdə gecikmələrlə əlaqələndirilir. Buna görə də bu dövrdə sənədlərlə və mühüm işlərlə bağlı məsələlərdə diqqətli olmaq tövsiyə edilir".
Məhəbbət Tərlanoğlu
17:52 09.11.2026
Oxunuş sayı: 32