Sudanda GƏRGİNLİK: Hökumət qüvvələri RSF-nin hücumunu dəf etdi
Sudanda hökumət qüvvələri Mavi Nil əyalətində RSF və müttəfiqlərinin hücumunu dəf edib.
Crossmedia.az xəbər verir ki, "Anadolu Agentliyi" bu barədə məlumat yayıb.
Sudanın cənub-şərqində yerləşən Mavi Nil əyalətində hökumət qüvvələri Çevik Dəstək Qüvvələrinin (RSF) və onun müttəfiqi olan Sudan Xalq Azadlıq Hərəkatı-Şimalın (SPLM-N) iki bölgəyə hücumunun qarşısını alıb.
Bau bölgəsinin qubernatoru Əbdülqani Daqis Xəlifə bildirib ki, ordu və müttəfiq qüvvələr Maqca və Mada ərazilərinə təşkil edilən hücumlara qarşı çıxıb. Onun sözlərinə görə, hökumət qüvvələri qarşı tərəfin canlı qüvvə və texnikasına itkilər yetirdikdən sonra hücum edənləri geri çəkilməyə məcbur edib. İtkilərin sayı açıqlanmayıb.
Qubernator Bau bölgəsində təhlükəsizlik vəziyyətinin “sabit və nəzarət altında” olduğunu, şəhər və inzibati ərazilərdə gündəlik həyatın normal davam etdiyini bildirib.
Sudan ordusu şənbə günü Mavi Nil əyalətinin Maqra bölgəsində RSF və SPLM-N qüvvələrinə qarşı pusqu əməliyyatı keçirdiyini açıqlayıb. Ordu əməliyyat zamanı itkilər yetirildiyini, bir neçə hərbi maşın və texnikanın məhv edildiyini bildirib.
Bundan bir gün əvvəl isə Sudan ordusu eyni əyalətdə Əl-Keyli bölgəsinin cənubunda qabaqlayıcı əməliyyat keçirdiyini və RSF-yə məxsus 9 döyüş maşınının texnikası ilə birlikdə məhv edildiyini açıqlamışdı.
Mavi Nil və Darfurla yanaşı, Şimali, Qərbi və Cənubi Kordofan əyalətlərində də ordu ilə RSF arasında döyüşlər davam edir.
Sudanda ordu ilə RSF arasında müharibə 2023-cü ilin aprelindən davam edir. BMT və beynəlxalq təşkilatların hesablamalarına görə, münaqişə nəticəsində on minlərlə insan ölüb, təxminən 13 milyon nəfər isə ölkə daxilində didərgin düşüb və ya ölkəni tərk etmək məcburiyyətində qalıb.
23:24 20.09.2026
Oxunuş sayı: 65