Ermənistan Qarabağa səfərlərdən buna görə narahatdır - RƏY
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri Ermənistanın ictimai-siyasi çevrələrində narazılıq doğurub. Xarici diplomatların bölgəyə səfəri və burada aparılan bərpa-quruculuq işləri ilə tanış olması Ermənistan daxilində müzakirələrə səbəb olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan bu bölgələrdə görülən işlərin nümayiş etdirilməsi ölkənin suveren hüquqları çərçivəsində həyata keçirilir. Səfərlərə reaksiyalar isə Ermənistanın bölgədəki proseslərə münasibətini yenidən gündəmə gətirib. Və bu mənfi reaksiyaların və aqressiv münasibətin sülh prosesinə necə təsir göstərəcəyi də ayrıca müzakirə mövzusudur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanda yaranan narazılığın əsas səbəblərindən biri keçmişdə törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə məlum olacağı ilə bağlı narahatlıqdır: “Ermənistanda yaranan bu narazılığın əsas səbəbi ondan ibarətdir ki, onlar çox narahatdırlar. Vaxtilə törətdikləri cinayətlər, mülki əhaliyə qarşı həyata keçirdikləri əməllər hamısı ifşa olunacaq. Bununla yanaşı, Azərbaycan Qarabağı sürətlə bərpa edir və cənnətə çevirməyə çalışır. Ekoloji nöqteyi-nəzərdən Qarabağda həyata keçirilən layihələr bölgənin təbiətinin qorunmasına ciddi təkan verir. Dünyanın bunu öz gözləri ilə, müxtəlif nümayəndələrin iştirakı ilə görməsi təbii olaraq beynəlxalq erməni şəbəkəsini narahat edir. Onlara xidmət edən Ermənistan daxilindəki qüvvələr də bundan narazıdırlar. Çünki Ermənistanın törətdiyi cinayətlərin ifşası ilə yanaşı, Azərbaycan dövlətinin gücü, təbiətə və insanlara yanaşması ilə Ermənistan arasındakı fərq də dünya ictimaiyyətinə bəlli olacaq. Bu da onların narazılığının əsas səbəblərindən biridir”.
Nuray Mehtiyeva
20:50 18.09.2026
Oxunuş sayı: 61