Rusiya XİN-dən Avropaya sərt ittiham: Onlar ağıllarını itiriblər
Rusiya Xarici İşlər Nazirliyi Avropa ölkələrinin Moskvaya qarşı siyasətini və enerji sahəsində əməkdaşlığa münasibətini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın TASS agentliyi bu barədə xarici işlər nazirinin müavini Aleksandr Pankinə istinadən məlumat yayıb.
Diplomat Rusiya ilə ABŞ arasında dizel yanacağına dair razılaşmaya Avropanın reaksiyasını şərh edərkən Avropa İttifaqının Moskvaya münasibətdə qeyri-rasional mövqe tutduğunu bildirib.
“Avropa ümumiyyətlə Rusiyanın etdiyi hər şeyə, eləcə də enerji əməkdaşlığına qeyri-rasional yanaşır. Onlar özlərini Rusiyadan deyil, cəmi bir neçə başqa ölkədən asılı vəziyyətə salıblar”, – deyə Pankin qeyd edib.
Nazir müavini ABŞ-nin bu məsələdə Avropa ölkələrindən fərqli olaraq praqmatik siyasət yürütdüyünü vurğulayıb.
“Avropalılar isə, görünür, artıq ağıllarını itiriblər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya və ABŞ arasında dizel yanacağına dair razılaşma Avropanın enerji siyasəti ilə bağlı müzakirələrə səbəb olub.
12:03 06.11.2026
Oxunuş sayı: 59