WhatsApp hesabınız da təhlükədədir - DİQQƏT
Rəqəmsal texnologiyaların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi
ilə kiberdələduzluq üsulları da getdikcə mürəkkəbləşir. Artıq dələduzlar yalnız
saxta zənglər və şübhəli mesajlarla kifayətlənmir, insanların şəxsi hesablarına
daxil olaraq onların adından yaxınlarına müraciət edir, etibar
münasibətlərindən sui-istifadə etməklə pul əldə etməyə çalışırlar. Xüsusilə
WhatsApp kimi geniş istifadə olunan mesajlaşma platformalarında hesabların ələ
keçirilməsi və həmin hesablardan dələduzluq məqsədilə istifadə edilməsi ciddi
narahatlıq doğurur.
Belə hallarda hücum edən şəxslər ələ keçirdikləri hesabın əvvəlki
yazışmalarını və istifadəçinin ünsiyyət tərzini təhlil edərək onun danışıq
üslubunu təqlid edə bilirlər. Daha sonra həmin şəxsin yaxınlarına, dostlarına
və ya iş yoldaşlarına təcili pul lazım olduğunu bildirən mesajlar göndərilir.
Bəzən borc istənilir, bəzən isə müəyyən bank hesabına təcili pul köçürülməsi
xahiş olunur. Mesaj tanış şəxsin hesabından gəldiyi üçün qarşı tərəf onun
həqiqiliyinə şübhə etməyə bilər. Nəticədə insanlar heç bir əlavə yoxlama
aparmadan pul göndərərək dələduzların qurbanına çevrilirlər.
Bu cür hücumların arxasında saxta keçidlər, fişinq üsulları, sosial
mühəndislik və texniki təhlükəsizlik boşluqlarından istifadə dayana bilər. Telefonun
əməliyyat sisteminin və tətbiqlərin vaxtında yenilənməməsi, təsdiq kodlarının
başqaları ilə paylaşılması, tanınmayan cihazlarda açıq qalan hesablar
kibertəhlükəsizlik risklərini artırır. Üstəlik, problem təkcə WhatsApp ilə
məhdudlaşmır; Telegram və digər mesajlaşma platformalarının istifadəçiləri də
oxşar təhlükələrlə üzləşə bilərlər.
Məsələnin digər ciddi tərəfi isə hesabı ələ keçirilən şəxsin özünün də
sonradan hüquqi və maliyyə problemləri ilə qarşılaşa bilməsidir. Onun adından
göndərilən mesajlar nəticəsində başqa insanlar aldadılır, pul köçürmələri
həyata keçirilir. Belə vəziyyətdə zərərçəkənlərin rəqəmsal sübutları qoruması,
bankla və hüquq-mühafizə orqanları ilə vaxtında əlaqə saxlaması mühüm əhəmiyyət
daşıyır.
Bəs vətəndaşlar belə hücumlardan necə qoruna bilər? Telefonun və tətbiqlərin yenilənməsi, iki mərhələli təsdiqləmə və aktiv sessiyalara nəzarət hesab təhlükəsizliyi üçün nə dərəcədə vacibdir? Hesabın ələ keçirildiyi məlum olduqda ilk olaraq hansı addımlar atılmalıdır?

Crossmedia.az-a açıqlama verən IT eksperti Vüsal Məmmədzadə bildirib ki, kimsə sizin xəbəriniz olmadan WhatsApp yazışmalarınızı oxuya və adınızdan mesaj göndərə bilər:
“Bunun üçün bəzən sadəcə kompüterə yaxınlaşmaq kifayətdir. Məsələn, ofisdə
WhatsApp Web açıq qalıbsa və siz kompüteri kilidləmədən masadan qalxmısınızsa,
başqa biri həmin kompüterdən mesajlarınızı oxuya və sizin adınızdan yaza bilər.
Hətta açıq qalmış hesabdan istifadə edərək sizin hesabınızı öz şəxsi cihazında
da açıb sonradan mesajlarınızı görə və sizin adınızdan yeni mesajlar göndərə
bilər.
Dələduzlar uzaqdan da hesabınıza giriş əldə etməyə çalışa bilərlər. Məsələn,
sizi aldadıb QR kod oxuda və öz cihazlarını hesabınıza qoşa bilərlər. Bu zaman
WhatsApp telefonunuzda əvvəlki kimi işləyir və siz müdaxiləni dərhal hiss
etməyə bilərsiniz. Başqa bir üsul isə SMS-lə gələn qeydiyyat kodunu ələ keçirib
nömrənizi başqa telefonda aktivləşdirməkdir”.
Ekspert xəbərdarlıq edib ki, hesabınıza qoşulmuş cihazları vaxtaşırı
yoxlayın:
“Tanımadığınız cihaz varsa, onu dərhal hesabdan ayırın. Yaxınlarınız sizin
göndərmədiyiniz mesajlar aldıqlarını deyirlərsə, bu da müdaxilə əlaməti ola
bilər. Belə halda onlara başqa yolla xəbər verin. Hesaba girişinizi
itirmisinizsə, nömrənizi yenidən təsdiqləyərək hesabı bərpa edin.
Qorunmaq üçün iki mərhələli təsdiqləməni aktiv edin və qeydiyyat kodunu heç kimlə paylaşmayın. WhatsApp-a cihaz qoşmaq üçün QR kodu yalnız qoşulmanı özünüz başlatmısınızsa oxudun. İşdə masadan qalxanda kompüterinizi kilidləyin, ortaq kompüterdə isə işiniz bitən kimi WhatsApp Web-dən çıxın”.
Məhəbbət Tərlanoğlu
12:30 06.11.2026
Oxunuş sayı: 87