Cənubi Koreya şirkəti Ukraynada hərbi texnologiyanın sınaqlarını dayandırıb
Cənubi Koreyanın “Newtype Industries” müdafiə texnologiyaları şirkəti Ukrayna ilə diplomatik fikir ayrılıqları fonunda süni intellekt əsaslı artilleriya sisteminin sınaqlarını dayandırıb.
Crossmedia.az xəbər verir ki, “The Diplomat” nəşri bu barədə məlumat yayıb.
Şirkətin baş direktoru Senqvon (Co) Ço Ukrayna Silahlı Qüvvələri ilə birgə sınaqdan keçirilən “Barbara” adlı süni intellekt proqramının testlərinin dayandırıldığını təsdiqləyib.
Onun sözlərinə görə, oktyabrın ortalarında Ukrayna tərəfinin nümayəndəsi şirkətə bu istiqamətdə fəaliyyətin dayandırılması barədə göstəriş verildiyini bildirib.
Şirkət rəhbəri qərarı Kiyev və Seul arasında yaranmış diplomatik gərginliklə əlaqələndirib.
“Əməkdaşlığın dayandırılmasının əsas səbəbi Cənubi Koreya ilə Ukrayna arasındakı diplomatik münaqişə olub”, – deyə o qeyd edib.
Bildirilib ki, “Barbara” proqramı artilleriya bölmələrində məlumat mübadiləsini və hədəflərin müəyyənləşdirilməsi prosesini təkmilləşdirmək üçün hazırlanıb.
Diplomatik mübahisə ilə sınaqların dayandırılması arasında birbaşa əlaqə isə rəsmi şəkildə təsdiqlənməyib.
10:45 06.11.2026
Oxunuş sayı: 59