Ev tikməzdən əvvəl bunları bilin - Kənd təsərrüfatıdırsa...
Azərbaycanda bir çox vətəndaşın mülkiyyətində kənd təsərrüfatı təyinatlı pay torpaqları var. Lakin bu torpaqların hansı məqsədlə istifadə edilə biləcəyi, satılıb-satıla bilməməsi və üzərində tikinti aparılmasının mümkün olub-olmaması ilə bağlı vətəndaşlar arasında müxtəlif suallar yaranır. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların yaşayış və ya digər təyinatlara keçirilməsi məsələsi mülk sahibləri üçün aktual mövzulardan biridir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində olan əmlakla bağlı vətəndaşın qanunvericiliklə nəzərdə tutulan müxtəlif hüquqları var:
“Vətəndaş öz mülkiyyətində olan əmlakı sata, övladlarına bağışlaya və qanunla icazə verilən digər hüquqi əməlləri həyata keçirə bilər. Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı isə ölkə rəhbərinin 2024-cü ilin oktyabr ayında imzaladığı fərmanı qeyd etmək lazımdır. Həmin fərmana əsasən, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib və bu dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Hazırda hər bir vətəndaş, fiziki və ya hüquqi şəxs mülkiyyətində olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumuna, o cümlədən Əmlak Məsələləri üzrə müvafiq xidmətə elektron qaydada müraciət edə bilər. Bunun üçün müraciətin əsaslandırılması, baş plan, situasiya planı, ərazinin planlaşdırılması ilə bağlı sənədlər, qonşu torpaq sahələri barədə məlumatlar və digər zəruri sənədlərin təqdim olunması tələb edilir. Lakin burada əsas məsələ şəhərsalma və ərazi planlaşdırılması ilə bağlıdır. Əgər kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında artıq yaşayış məntəqələri formalaşıbsa və həmin ərazi mövcud şəhərsalma sənədlərinə uyğun olaraq yaşayış üçün nəzərdə tutulubsa, torpağın təyinatının dəyişdirilməsi mümkün ola bilər. Əksinə, ərazinin ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlar üstünlük təşkil edirsə və həmin sahənin yaşayış məntəqəsi kimi istifadəsi şəhərsalma sənədlərində nəzərdə tutulmayıbsa, müraciətin müsbət nəticələnməsi mümkün deyil. Bu baxımdan Bakı və Abşeron ərazisində, eləcə də ölkənin digər iri şəhərlərinin ətrafında xüsusi vəziyyət yaranıb. Vaxtilə kolxoz və sovxozlara məxsus olmuş kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsində zaman keçdikcə yaşayış massivləri və qəsəbələr formalaşıb”.

Ekspert bildirib ki, hazırda elə ərazilər mövcuddur ki, faktiki olaraq yaşayış məntəqəsinə çevrilsə də, sənədlərdə hələ də kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunur:
“Belə ərazilərdə yerli icra hakimiyyəti və digər aidiyyəti qurumların aktivliyi vacibdir. Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, ərazilərin planlaşdırılması və mövcud vəziyyətinin qiymətləndirilməsi mütəmadi şəkildə həyata keçirilməlidir. Ərazidə faktiki yaşayış məntəqəsi formalaşıbsa, həmin reallığın şəhərsalma sənədlərində də əks etdirilməsi məsələsinə baxılmalıdır. Mənim fikrimcə, belə ərazilər yüzlərlədir. Faktiki olaraq kənd təsərrüfatı təyinatlı olmuş, sonradan bələdiyyə və digər sənədlər əsasında vətəndaşların fərdi yaşayış evləri inşa etdiyi ərazilər mövcuddur. Vətəndaşlar ayrı-ayrılıqda və ya kollektiv şəkildə torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müraciət etsələr də, bu proses hər zaman müsbət nəticələnmir. Halbuki şəhərsalma sənədləri və ərazinin faktiki vəziyyəti buna əsas verirsə, həmin torpaqların hüquqi statusunun reallığa uyğunlaşdırılması məsələsinə baxılmalıdır”.
Elnur Azadov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işlərinin aparılmas məsələsinə də aydınlıq gətirərək vurğulayıb ki, torpağın təyinatını dəyişdirmədən onun üzərində yaşayış evi və ya təyinatına uyğun olmayan digər obyekt tikməyə başlamaq qanunvericiliyə ziddir:
“İlk növbədə torpağın hüquqi statusu və təyinatı müəyyənləşdirilməli, yalnız bundan sonra həmin ərazidən qanunvericiliyə uyğun istifadə edilməlidir. Bununla yanaşı, son dövrdə kənd təsərrüfatı təyinatlı torpaqlardan onların təyinatına uyğun istifadəni asanlaşdıran müəyyən hüquqi dəyişikliklər də edilib. Belə torpaqlarda kənd təsərrüfatı məhsullarının və təsərrüfat mallarının saxlanması üçün tikililər, fermalar və digər kənd təsərrüfatı təyinatlı obyektlərin inşası ilə bağlı normativlər müəyyənləşdirilib. Həmçinin müəyyən hallarda torpaq sahəsinin ölçüsündən asılı olaraq kənd təsərrüfatı müəssisəsinə aid tikililərin inşasına imkan verilir. Məsələn, torpaq sahəsi 5 hektardan böyük olduqda, qanunvericiliyin müəyyən etdiyi hədlər çərçivəsində həmin ərazinin bir hissəsində kənd təsərrüfatı fəaliyyətinə xidmət edən tikililərin inşasına icazə verilə bilər”.
Məhəbbət Tərlanoğlu
17:30 10.08.2026
Oxunuş sayı: 40