Ukrayna Rusiyaya qarşı hücumları genişləndirir
Ukrayna Rusiyanın dərinliklərindəki hədəflərə uzaqmənzilli zərbələr endirmək imkanlarını artırır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna silah istehsalını, kəşfiyyat imkanlarını və əməliyyat planlaşdırmasını inkişaf etdirərək Rusiyanın neft emalı zavodlarını, qaz terminallarını və hərbi obyektlərini hədəfə alır.
Sentyabr ayında “Kairos” bölməsi Moskva yaxınlığındakı neft emalı zavoduna hücum edib. Bölmənin komandiri Rey bildirib ki, hədəflərin müəyyənləşdirilməsində peyk görüntülərindən və kəşfiyyat məlumatlarından istifadə olunur.
“Kairos”un fəaliyyəti genişləndirilib və bölmə Pilotsuz Sistemlər Qüvvələrinin 7-ci ayrıca mərkəzinə çevrilib. Reyin sözlərinə görə, Ukrayna hərbçiləri bir ay ərzində Azov dənizində 60 gəmiyə zərbə endiriblər.
Məqalədə qeyd olunur ki, “Starlink” xidmətinə tətbiq edilən məhdudiyyətlər Rusiyaya uzaq məsafədən dron hücumlarını çətinləşdirir. Bununla belə, Ukraynanın Rusiya ərazisinə zərbələri genişlənməkdə davam edir.
Hücumlar Rusiyanın iqtisadiyyatına da təsir göstərir. Neft emalı zavodlarına və rəqəmsal infrastruktura zərbələr istehsalda, internet xidmətlərində və ticarətdə problemlər yaradır.
“Bloomberg”in məlumatına görə, Ukraynanın pilotsuz uçuş aparatları və qanadlı raketlərlə həyata keçirdiyi hücumlar Rusiyanın hava hücumlarından müdafiə imkanlarına əlavə təzyiq yaradır.
20:33 24.10.2026
Oxunuş sayı: 57