“Hicablı uşaqlara” iranlı nazirin dəvəti: Təhsil, kimlik və ideologiya
Bu günlərdə İran İslam Respublikasının “Elm və texnologiyalar” naziri hicablı uşaqların İranda təhsil ala biləcəyi barədə Azərbaycan ictimaiyyətinə müraciət edib. İlk baxışda bu, adi bir təhsil dəvəti kimi də görünə bilərdi. Əslində qonşu dövlətin təhsil nazirinin uşaqlara və gənclərə təhsil dəvəti etməsi bir xoş məram ifadəsi olmalıdır. Ancaq belə bir təklifin arxasında hansı təhsil sistemi, hansı dünyagörüşü və hansı sosial münasibətlər modeli dayanır? Məncə, bəzi marginal İran təəssübkeşlərindən fərqli olaraq buna ciddi yanaşmaq lazımdır.
Müraciəti edən nazir - Hüseyin Simayi Sərraf əslində məktəb təhsili işlərinə baxmır. Onun səlahiyyəti Universitetlər və elmi-tədqiqat mərkəzləridir. İranda orta məktəb təhsili “vizarəti amuzeşe-pərvəriş” adlanır və onun rəhbəri Əlirza Kazimi adlı birisidir. O, Azərbaycan məktəblilərinə dəvət göndərməyib. Bəs bu təhsilə dəvət göndərən nazir nəyin dəvətini edir? Buna bir nəzər salaq.
Əgər söhbət uşaqların təhsil hüququndan gedirsə, ilk növbədə onların harada, hansı dildə, hansı proqramlarla və hansı pedaqoji prinsiplər əsasında təhsil alacağı aydınlaşdırılmalıdır. İranın ayrı-ayrı bölgələrində təhsilin təşkili, qızların təhsil imkanları, dini tədrisin yeri və dünyəvi elmlərin öyrədilməsi kimi məsələlər bu baxımdan xüsusi araşdırılmalıdır. Başqa bir ölkənin təhsil modelini nümunə göstərməzdən əvvəl onun real vəziyyətini, imkanlarını və məhdudiyyətlərini qiymətləndirmək vacibdir. İran təhsil sistemi əslində İslam normalarını da təftiş edən və “pan-fars” ideologiyası daxilində yeni dini konsepsiya yaradan bir ölkədir. İranda qadınlar üçün “baş bağlamaq” insanların imanından irəli gələn “hecab” hadisəsi deyil, dövlətin qanunvericiliyi ilə tənzimlənir.
İranın Elm və texnologiyalar” naziri Hüseyn Simayi Sərrafın təhsili və siyasi-ideoloji mövqeyi də bu kontekstdə diqqəti cəlb edir. 1968-ci ildə Məşhəddə doğulmuş bu şəxs Tehranda “İslam hüququ” ixtisasında təhsil almış və klassik bir hizbullahidir. İran hakimiyyətini təsis edən dini mafiya qurumlarına yaxınlıgı ilə tanınır və Ruhaninin presidentliyi zamanı rəhbər orqanlara təyin olunmuşdu. Bəs məktəbliləri nə üçün bu adam dəvət edir? Axı məktəb təhsili bu adamın vəzifəsi deyil. Kimdi bu adam? Nə üçün bunu qabağa veriblər? Bəlkə bu adam özü-özünü atıb ortaya? Məlumdur ki, İranda çox adam öz yerində deyil. Hamı hər şey danışır və az qala nüvə texnologiyaları İranda çayxana söhbətinə çevrilib.
Ayrı-ayrı şəxslərin bioqrafiyasından daha mühüm məsələ onların təmsil etdikləri dövlətin görünən və görünməyən maarif düşüncəsi və təhsil siyasətidir. Təhsil sistemi uşağa yalnız bilik vermir, eyni zamanda onun dünyanı necə dərk edəcəyinə, özünü hansı cəmiyyətin üzvü hesab edəcəyinə və fərqli düşüncələrə necə münasibət göstərəcəyinə təsir edir. Bu baxımdan İranda təhsil almış gənclərin qüsurlu tərbiyə sisteminə məruz qalması dövlətin diqqət mərkəzində olmalıdır. Bu ölkədə diplom almış gənclərin ciddi reabilitasiyaya ehtiyacı ola bilir.
İran təhsil modelinə münasibətdə diqqət yetirilməli olan digər məsələ dil hüquqlarıdır. Azərbaycanlıların, eləcə də İranda yaşayan digər xalqların ana dilində təhsil almaq məsələsi aqressiv dövlət siyasətinin özünü ifadə formasıdır. Dövlət açıq-açığına xalqa mesaj verir ki, “öləsiniz də ana dilində məktəb olmayacaq...”
İran Prezidenti Məsud Pezeşkianın seçki dövründə səsləndirdiyi dil və milli hüquqlarla bağlı vədlər də bu baxımdan mənasızlaşıb. Əgər bir ölkədə müxtəlif xalqların mədəni və dil hüquqlarının təmin edilməsi prezident tərəfindən vəd olunursa və bu həyata keçirilə bilmirsə, deməli o ölkənin idarəetmə sistemində gizli ideolojı klanlar son dərəcə təsirlidirlər. Hicablı uşaqların İranda təhsil almasına çağırış edənlərdən soruşmaq lazımdır: bu dəvətlə uşaqların ana dilində təhsil hüququ da nəzərdə tutulurmu?
Məsələnin ikinci və ən vacib tərəfi uşaqlarda qüsurlu dini kimliyin formalaşdırılmasıdır. İbtidai siniflərdə oxuyan uşaqların hicab taxmasını onların şəxsi dini seçimi kimi qiymətləndirmək yanlışdır. Bu yaşda olan uşaqların geyim, inanc və dünyagörüşü ilə bağlı qərarları əsasən valideyinlər və ailə böyüklərinin təsəvvürləri təyin edir. Buna görə də uşağın başını örtməsi faktının özündən daha çox, bu davranışın hansı şəraitdə formalaşdığı və valideyinin hansı mativlərlə seçim etdiyini müəyyənləşdirmək vacibdir.
Valideynin dini inancı və uşağını öz dəyərlərinə uyğun tərbiyə etmək istəyi cəmiyyətin təməl prinsipləri ilə ziddiyyət təşkil etmirsə, o zaman anlaşılandı. Ancaq dini tərbiyə uşaqlar arasında mənəvi üstünlük və fərqlilik yaratmaq vasitəsinə çevriləndə ciddi problemlər meydana çıxır. Əgər bir valideyn öz uşağının hicabını onun daha imanlı və ya daha əxlaqlı olmasının göstəricisi kimi təqdim edirsə, istər-istəməz başqa uşaqların dini və mənəvi keyfiyyətlərini də müzakirə mövzusuna çevirir. Belə münasibət uşaqlarda qarşılıqlı anlaşma əvəzinə fərqləndirmə, ayrı-seçkilik və qütbləşmə yaradır. Həvəslə iddia edirlər ki, “məktəblərin ən qabaqcıl oxuyanları hecablı qızlardır”. Bu, məhz həmin irəli sürülən fərliliyin başlanğıcıdır.
Bu səbəbdən məsələni yalnız geyim və dini simvol müstəvisində deyil, sosial və psixoloji müstəvidə də qiymətləndirmək lazımdır. Valideynlərin davranışının arxasında hansı sosial narahatlıqların, ideoloji təsirlərin və ictimai münasibətlərin dayandığı öyrənilməlidir. Uşağın dini kimliyi və ya mənsubiyyəti üzərindən valideyinlərin özlərini ifadə etməsi, fərqlilik nümayiş etdirməsi və ya cəmiyyətdə müəyyən qruplara qarşı etiraz mühiti üçün alətə çevrilməməlidir. Bu hallar çox təhlükəli nəticələr verə bilər.
Dünyəvi dövlət modelini qəbul etmiş cəmiyyət üçün bu məsələnin həlli həm hüquqi, həm də sosial-pedaqoji yanaşma tələb edir. Problemi uzun müddət təxirə salmaq onun öz-özünə aradan qalxacağı demək deyil. Bununla belə, problemin həll yolu uşaqları və ya onların dini geyimini hədəfə almaq da deyil, bu vəziyyəti qarşıya çıxaran səbəbləri hüquqi, pedoqojı və inzibati yollarla həll etməkdir. Əsas məsələ uşaqların hüquqlarını qorumaq, valideyn məsuliyyətinin sərhədlərini müəyyənləşdirmək və məktəbdə bütün uşaqlar üçün bərabər, təhlükəsiz və ayrı-seçkilikdən uzaq mühit yaratmaqdır.
İnsanın yetkin yaşda hicab taxması onun dünyagörüşü və şəxsi seçimi ilə bağlıdır. Normal cəmiyyətdə bu seçim insanlar tərəfindən anlayışla qarşılanır. Dövlətin insanlardan dini geyim tələb etməsi, həmin tələbə əməl etməyənləri cəzalandırması isə İran islam respublikasının ideolojı mahiyyətindən irəli gəlir. İran hecaba düzgün riayət etmədiyinə görə yüzlərlə gənc qızı edam etmiş bir ölkədir. İranı bizə nümunə göstərmək istəyənlərdən bunu soruşmaq olar.
Valideyinlər uşaqların təhsili və gələcəyi kimi mühüm bir məsələni ideoloji mübarizəsinin predmetinə çevrilməməlidirlər. Uşağın hansı dəyərlərlə böyüməsi məsələsi onun təhsil hüququnu, şəxsiyyət kimi inkişafını və başqa insanlarla bərabər münasibətlər qurmaq imkanını kölgədə qoymamalıdır. Dövlət bu kimi prosesləri nəzarətdən kənarda qoyarsa cəmiyyətin birdən-birə necə radikallaşdıgını, dəyərlər sisteminin dəyişdiyini, dünyavi təhsilin dini təhsilə çevrilməsi ilə qarşılaşa bilər. İranda da proses məhs belə olmuşdu.

İranın “Elm və texnologiyalar” nazirinin dəvətinə də bu prizmadan baxmaq lazımdır. Söhbət yalnız hicablı uşaqların başqa ölkədə təhsil almasından getmir. Söhbət təhsilin hansı dəyərləri ötürməsindən, uşağın hansı dildə öyrənməsindən, fərqli düşüncələrə necə münasibət göstərməsindən və onun gələcəkdə müstəqil seçim edə bilən şəxsiyyət kimi formalaşmasından gedir. Uşaqların təhsil hüququ siyasi və dini mübahisələrin fövqündə dayanmalıdır. Valideyinlərin dini inancı təhsilin dünyaviliyini sual altına qoymamalıdır. Dünyəvi təhsilin təmin edilməsi də uşağın ləyaqətinə, hüquqlarına və inkişafına hörmət əsasında həyata keçirilməlidir. Dövlət bunun təminatçısıdır. Cəmiyyətin gələcəyini müəyyən edən əsas meyar uşaqların daşıdıgı simvollar deyil, onların nə dərəcədə savadlı, müstəqil düşünən, tolerant, məsuliyyətli və vətənpərvər insanlar kimi yetişməsidi
17:00 24.10.2026
Oxunuş sayı: 308