Türkiyənin Müdafiə Sənayesi İdarəsinin son göstəricilərinə əsasən, qardaş ölkənin müdafiə və aerokosmik sənaye sahəsində bağladığı yeni hərbi müqavilələrin ümumi dəyəri 2026-cı ildə artıq 15 milyard dolları keçib və ilin sonunadək bu portfelin 20 milyard dollarlıq tarixi həddə çatacağı gözlənilir. Ölkənin ümumi əmtəə ixracının 7,3 faizini təşkil edən bu böyük geoiqtisadi sıçrayış Türkiyə hərbi-sənaye kompleksinin özünütəminetmə səviyyəsini 82 faizə yüksəldib. "Aselsan"ın dünyada top-100 silah istehsalçısı arasında 40-cı pilləyə yüksəldiyi, "Baykar", "TUSAŞ", "ROKETSAN" və "HAVELSAN" kimi 3,5 mindən çox nəhəng şirkətin lokomotiv rolunu oynadığı bu proses təkcə Ankaranın valyuta gəlirlərini artırmır, həm də regional güc balansını kökündən yenidən şəkilləndirir. Bu geostrateji zəncirin ən mühüm halqası isə Azərbaycanın Rusiya silahlarından tam imtina edərək, öz təhlükəsizlik ehtiyaclarını Türkiyə ilə ortaq istehsal olunan və NATO ölkələri tərəfindən belə rəğbətlə sifariş edilən yüksək texnologiyalı silahlar hesabına təmin etməsidir.
Mövzu ilə bağlı
Crossmedia.az-a açıqlama verən
hərbi ekspert Ədalət Verdiyev Azərbaycan-Türkiyə birgə müdafiə sənayesi modelinin üstünlüklərini, Rusiyadan silah idxalının tam dayandırılmasını və Cənubi Qafqazda qurulan yeni hərbi balansı şərh edib:
"Azərbaycanın müdafiə sənayesi Türkiyənin "Baykar", "TUSAŞ", "ASELSAN", "ROKETSAN", "HAVELSAN" kimi dünyanın aparıcı nəhəngləri ilə sıx inteqrasiyada əməkdaşlıq edir. Bu strateji tərəfdaşlığın nəticəsidir ki, artıq hər iki qardaş ölkənin ortaq istehsal etdiyi hərbi təyinatlı məhsullar heç bir məhdudiyyət qoyulmadan ixrac olunur, hətta bir çox NATO ölkələri tərəfindən belə böyük həcmlərdə sifariş edilir. Türkiyə hərbi-sənaye kompleksinin sürətli inkişafı həm Azərbaycanın müdafiə qabiliyyətinə, həm də regional təhlükəsizlik arxitekturasına birbaşa müsbət təsir göstərir".
Hərbi ekspert rəsmi Bakının silahlanma siyasətindəki köklü dönüşü və Cənubi Qafqazdakı yeni güc nisbətini vurğulayıb:
"Türkiyənin hərbi ixracatının artması regional güc balansına ciddi və birbaşa təsir göstərməkdədir. İlk növbədə Azərbaycanla birgə müəssisələrin yaradılması, hərbi təyinatlı məhsulların hər iki ölkə üçün tam əlçatan olması Cənubi Qafqazda güc balansını birdəfəlik dəyişib. Azərbaycan Rusiyadan silah və texnika idxalını tamamilə dayandırıb. Ölkəmiz öz müdafiə ehtiyaclarını daxili istehsal və dost ölkələrdən gətirilən müasir texnologiyalar hesabına 100 faiz qarşılayır".
Ədalət Verdiyev ortaq silahların döyüş sınaqlarından keçməsinə və kadr potensialına diqqət çəkərək fikrini yekunlaşdırıb:
"Bizim və Türkiyənin birgə istehsal etdiyi hərbi texnika və silahların böyük əksəriyyəti real müharibə və münaqişələrdə ən ağır döyüş sınaqlarından uğurla çıxıb. Məhz bu səbəbdən xarici dövlətlərin orduları həmin məhsulları öz silahlanmasına çox sürətlə daxil edir və sifarişlər paketi günü-gündən genişlənir. Türkiyə ilə bu miqyasda əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin ixrac imkanlarını və yerli kadr potensialını kəskin artırır, gələcəkdə bu imkanlar daha da genişləndiriləcək".
Zeynəb Həsən