Merts: İsrailin mövcudluq hüququnu hamı tanımalıdır
Almaniya kansleri Fridrix Merts İsrail dövlətinin mövcudluq hüququnun tanınmasının ölkəsinin əsas prinsiplərindən biri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Merts bu barədə Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Sol Partiya (Die Linke) arasında aparılan siyasi danışıqları şərh edərkən danışıb.
Kansler SPD və Yaşılların Sol Partiyadan İsrailin mövcudluq hüququ ilə bağlı yazılı təminat almağa çalışmasını tənqid edib.
“SPD və Yaşıllar Sol Partiyadan əslində öz-özlüyündə aydın olmalı məsələlər üzrə güzəştlər və təminatlar almağa çalışırlar”, – deyə Merts bildirib.
Onun sözlərinə görə, İsrail dövlətinin mövcudluq hüququnun tanınması və bu hüququn müdafiəsi Almaniyanın milli kimliyinin ayrılmaz hissəsidir.
“Onlar İsrail dövlətinin mövcudluq hüququnu tanıdıqlarını və bu hüququ müdafiə etməyin ölkəmizin kimliyinin təbii bir hissəsi olduğunu yazılı şəkildə təsdiqləməlidirlər”, – deyə kansler vurğulayıb.
Merts əlavə edib ki, bu prinsip Almaniyaya gələn və ölkədə yaşamaq istəyən hər kəsə də şamil olunmalıdır.
Qeyd edək ki, Berlində mümkün koalisiyanın formalaşdırılması məqsədilə SPD, Yaşıllar və Sol Partiya arasında keçirilən danışıqlarda İsrailin mövcudluq hüququ və antisemitizmlə mübarizə məsələləri fikir ayrılığı yaradıb.
Oktyabrın 13-də danışıqlar müvəqqəti dayandırılsa da, oktyabrın 14-də tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
16:54 24.10.2026
Oxunuş sayı: 62