KİV: Zelenski sülh planını rədd edib
Ukrayna Prezidenti Volodimir Zelenski Krımın Rusiyanın nəzarətində qalmasını və yarımadaya quru dəhlizinin yaradılmasını nəzərdə tutan sülh planını qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, 2023-cü ilin əvvəlində qeyri-rəsmi vasitəçilər qrupu Rusiya prezidenti Vladimir Putinə müharibənin dayandırılması ilə bağlı plan təklif edib. Təklifə əsasən, Rusiya qoşunlarını Krım və Donbasda genişmiqyaslı işğaldan əvvəlki mövqelərinə çəkməli, Ukrayna isə Krım üzərində Rusiyanın nəzarətini tanımalı və yarımadaya quru dəhlizinin yaradılmasına razılıq verməli idi. Bunun müqabilində Kiyevə NATO ölkələri tərəfindən təhlükəsizlik zəmanətləri verilməsi nəzərdə tutulurdu.
Məlumata görə, planı Rusiya Prezidentinə Putinin uzunillik tanışı, keçmiş Ştazi əməkdaşı Matthias Varnig təqdim edib. Varnigin sözlərinə görə, Putin təklif olunan demarkasiya xəttini müzakirə etməyə razılaşıb. O, Ukraynanın NATO-ya üzvlüyünü istisna etsə də, Avropa İttifaqına üzvlüyünə mümkün variant kimi yanaşıb.
Lakin nəşrin məlumatına əsasən, Volodimir Zelenski və onun ətrafı Ukraynanın ərazi güzəştlərinə getməsi ilə bağlı təklifi rədd edib.
19:13 24.10.2026
Oxunuş sayı: 70