Fransada etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə olunur
Fransada keçirilən etiraz aksiyaları zamanı polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi və etirazların təşkilatçısı olan CGT həmkarlar ittifaqının açıqlamalarında bildirilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü ölkə üzrə aksiyalarda 410 min nəfər iştirak edib. Onlardan 110 mini Parisdə nümayişə qatılıb. Paytaxtda vəziyyət ümumilikdə sakit qiymətləndirilib.
CGT həmkarlar ittifaqı isə aksiyalarda 800 min nəfərin iştirak etdiyini, onlardan 250 mininin Parisdə toplandığını açıqlayıb.
Fransa hökumətinin etirazlara qadağa qoymasına baxmayaraq, Lion, Po, Bordo və Monpelye şəhərlərində vəziyyət gərginləşib. Bu şəhərlərdə nümayişlər başlayandan qısa müddət sonra etirazçılarla polis arasında toqquşmalar baş verib.
21:33 24.10.2026
Oxunuş sayı: 65