ABŞ Ukraynaya “Patriot” texnologiyalarının verilməsindən ehtiyat edir
ABŞ Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün texnologiyaların verilməsi zamanı məxfi məlumatların Rusiyanın əlinə keçə biləcəyindən narahatdır.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyul ayında Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukraynanın öz raketlərini kifayət qədər tez istehsal edə biləcəyini bildirib. Lakin hazırda Vaşinqton Kiyevə istehsal üçün ABŞ-nin məxfi texnologiyalarının da ötürülməli olacağından ehtiyat edir.
NATO-nun Avropadakı qüvvələrinin keçmiş ali baş komandanı Filip Bridlav bildirib ki, əsas narahatlıq “Patriot” sistemlərinin texnologiyalarının Rusiyanın əlinə keçməsi ehtimalıdır.
Nəşrin yazdığına görə, əsas məxfi texnologiyalardan biri PAC-3 raketlərində istifadə olunan Ka diapazonlu aktiv radar özütuşlama başlığıdır. ABŞ bu texnologiyanı ciddi şəkildə qoruyur və hətta 2005-ci ildən raketlərin və komponentlərin istehsalına lisenziya alan Yaponiyaya belə onun istehsalına icazə verməyib.
Bundan əlavə, Vaşinqton məxfi “Patriot” texnologiyalarına çıxışı olan hər bir müəssisənin, əməkdaşın və podratçının təhlükəsizliyinə təminat verməli olacaq.
17:51 10.08.2026
Oxunuş sayı: 42