Azərbaycan tələbindən çəkilmədi - Ermənistan konstitusiyası dəyişməlidir
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində İrəvana açıq mesaj ünvanlayıb. O bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddələr çıxarılmalıdır. Hacıyevin sözlərinə görə, bu iddialar konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün heç bir problem görmür. Üstəlik, bölgədə artıq de-fakto sülh vəziyyəti mövcuddur. Hazırda Cənubi Qafqazda sülh prosesi yeni mərhələyə qədəm qoyub. Ermənistanda parlament seçkiləri başa çatıb, yeni hökumətin tərkibi formalaşdırılıb. Keçən il bir sıra rəsmi açıqlamalarda və ekspert proqnozlarında bu il sülh müqaviləsinin imzalanacağı gözlənilirdi. Lakin proses hələ də fundamental hüquqi məsələlərdən asılı qalır. Ən başlıcası isə Ermənistanın əsas qanununda yer alan ərazi iddialarının aradan qaldırılmasıdır. Bəs hazırkı siyasi konfiqurasiya sülh sazişinin bu il imzalanmasına real imkan yaradır mı? Yoxsa hələ də aradan qaldırılmalı ciddi hüquqi və siyasi maneələr mövcuddur?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycanın müxtəlif səviyyələrdə davamlı olaraq bəyan edilmiş rəsmi mövqeyi Ermənistanla təxminən bir il əvvəl Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanmasına mane olan əsas məsələnin - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının - aradan qaldırılmamasından ibarətdir: “Sülh davamlı olmaq üçün möhkəm hüquqi təməl üzərində olmalıdır. Bu dəyişiklik nə qədər tez həyata keçirilərsə, sülh sazişinin imzalanması üçün prinsipial maneə qalmayacaq və o imzalanacaq. Bununla belə, sazişin imzalanması prosesi hüquqi baxımdan yekun mərhələ deyil. İmzalanmadan sonra hər iki dövlət öz dövlətdaxili hüquqi prosedurlarını tamamlamalı, ilk növbədə parlamentlər sülh sazişini ratifikasiya etməlidirlər. Ratifikasiya sənədləri barədə tərəflər diplomatik kanallarla bir-birlərini rəsmi şəkildə məlumatlandırdıqdan sonra müqavilə hüquqi qüvvəyə minəcək və yalnız bundan sonra onun implementasiyası mərhələsi başlanacaq. Sazişin müvafiq müddəasına uyğun olaraq ilk həyata keçirilən addımlardan biri Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasıdır”.

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında paraflanmış və 17 bənddən ibarət müqavilə ümumilikdə iki əsas sütun üzərində formalaşdırılıb: “Sülhün təmini və dövlətlərarası münasibətlərin təsis edilməsi. Beynəlxalq müqavilə Konstitusiyadan üstün hüquqi qüvvəyə malik olmadığı üçün, əgər Ermənistan Konstitusiyasında ərazi iddiaları qalarsa, gələcəkdə bu, sülh sazişinin ratifikasiyası, icrası və dövlətlərarası münasibətlər üçün hüquqi risk yaradacaq. Başqa sözlə hüquqi ziddiyyətlər risk potensialını "domokl qılıncı" kimi tərəflərin və proseslərin üzərində saxlayacaq. Buna görə Azərbaycan tərəfi haqlı olaraq Konstitusiya dəyişikliyini uzunmüddətli və geri dönməz sülhün təminatı kimi qiymətləndirir. Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlaması bu xətti bir daha təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında artıq faktiki olaraq "real sülh" şəraiti formalaşıb, sərhəddə sabitlik, birbaşa təmaslar və iqtisadi əlaqələr müşahidə olunur. Lakin yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları təşkil edən müddəalar aradan qaldırılmalıdır. Ermənistan Konstitusiyasında zəruri dəyişikliklərin tez həyata keçirilməsi, sülh sazişinin də bir o qədər tez imzalanmasına imkan yaradacaq. Bu dəyişiklik baş verdiyi təqdirdə, sazişin imzalanması üçün prinsipial maneə qalmayacaq”.
Ayhan
11:36 04.08.2026
Oxunuş sayı: 61