Gürcüstan ABŞ ilə münasibətləri yeni formatda qurmağa çalışır- RƏY
ABŞ ilə Gürcüstan arasında strateji tərəfdaşlığın gələcəyi yenidən diqqət mərkəzinə çıxıb. Rəsmi Tbilisi Vaşinqtonla münasibətlərin normallaşacağına ümid etdiyini bildirir və bu istiqamətdə qarşılıqlı addımların atılacağını gözləyir.
Eyni zamanda, Gürcüstan hakimiyyəti ölkədaxili siyasi proseslərlə bağlı da sərt mesajlar verərək, müxalifəti xarici təsirlər altında fəaliyyət göstərməkdə və milli kimliyi zəiflətməyə çalışmaqda ittiham edir. Bu bəyanatlar ölkədə siyasi müzakirələrin daha da kəskinləşdiyini göstərir.

Beynəlxalq Münasibətlərin Təhlili bə Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, son proseslər fonunda Gürcüstanla ABŞ arasında münasibətlərin normallaşması istiqamətində müəyyən müsbət siqnallar müşahidə olunur.
Ekspertin sözlərinə görə, rəsmi Tbilisi ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və konkret məzmuna əsaslanan yeni mərhələyə keçməsinə hazır olduğunu nümayiş etdirir:
"Gürcüstan hökuməti hesab edir ki, ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət əlamətlər var və hər iki tərəf strateji tərəfdaşlığa təmiz səhifədən başlamağa hazırdır".
Nəsibə Mirzəyeva qeyd edib ki, ABŞ səfirliyinin Gürcüstanda yaradılması planlaşdırılan "Nifrət nitqinə qarşı mübarizə idarəsi" ilə bağlı tənqidi açıqlamaları iki ölkə arasında yeni siyasi müzakirələrə səbəb olub:
"Qərb tərəfdaşları və hüquq müdafiəçiləri hesab edirlər ki, "nifrət nitqi" anlayışının qeyri-müəyyən tərifi söz azadlığının və tənqidi fikrin məhdudlaşdırılması üçün istifadə oluna bilər. Hakim "Gürcü Arzusu" partiyası isə bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir".
Onun fikrincə, Gürcüstan Xarici İşlər Nazirinin strateji tərəfdaşlığın "konkret məzmun" üzərində qurulması barədə açıqlaması xüsusi diqqət çəkir:
"Gürcüstan ABŞ ilə siyasi dialoqu davam etdirməyə tam hazırdır və Tbilisi analoji hazırlığı Vaşinqtondan da gözləyir. Strateji tərəfdaşlığın hansı məzmunla zənginləşdirilməsi isə diplomatik danışıqların mövzusu olacaq".
N.Mirzəyeva vurğulayıb ki, mövcud proseslər Donald Tramp administrasiyası dövründə münasibətlərin yenidən qurulacağına dair gözləntiləri artırsa da, əvvəlki məhdudiyyətlər hələ də qüvvədə qalır:
"Rəsmi Tbilisi Tramp administrasiyası ilə münasibətlərin yaxşılaşacağına ümid edir. Lakin ABŞ tərəfindən tətbiq olunan sanksiyalar hələ də ləğv edilməyib və bu, münasibətlərin tam normallaşmasının qarşısındakı əsas amillərdən biridir".
Ekspert bildirib ki, son diplomatik təmaslar dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"ABŞ-in Gürcüstandakı müvəqqəti işlər vəkilinin dəyişməsi, Xarici İşlər Nazirliyi ilə keçirilən görüşlər və Dövlət Departamenti nümayəndələrinin Tbilisiyə səfərləri tərəflərin əməkdaşlıq perspektivlərini müzakirə etməyə davam etdiyini göstərir".
N.Mirzəyevanın qənaətinə görə, Gürcüstan hökuməti Vaşinqtonla münasibətlərdə həm dialoq, həm də suverenlik xəttini paralel şəkildə qorumağa çalışır:
"Tbilisi strateji tərəfdaşlığın bərpası üçün diplomatik qapıları açıq saxlayır. Eyni zamanda, "Nifrət nitqinə qarşı mübarizə idarəsi" ətrafındakı müzakirələr göstərir ki, tərəflər arasında əsas fikir ayrılığı söz azadlığı və daxili siyasətə müdaxilənin sərhədləri ilə bağlıdır. Gürcüstan suverenlik prinsipindən geri çəkilmədən ABŞ ilə münasibətləri yeni formatda qurmağa çalışır".
Nigar Xəlilli
10:30 04.08.2026
Oxunuş sayı: 55