Qarabağdakı bərpa- quruculuq işələri dünyaya çatdırılmalıdır- Qulu Məhərrəmli
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işğaldan azad olunan ərazilərin yeni simasının formalaşması ilə yanaşı, müasir şəhərsalma və innovativ yanaşmalar baxımından da diqqət çəkir. Bu prosesin real insan hekayələri, yeni yaşayış məntəqələri və həyata keçirilən layihələr üzərindən ictimaiyyətə çatdırılması bölgədəki dəyişikliklərin daha geniş auditoriyaya təqdim olunmasına imkan yaradır. Bu məqsədlə "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə həsr olunan sənədli filmin çəkilişlərinə başlayıb. Ekran əsərində Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçında aparılan çəkilişlər əsasında Böyük Qayıdış, müasir şəhərsalma, innovativ həllər və "yaşıl enerji" zonalarının yaradılması mövzularına diqqət yetirilir.
Professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlamasında bildirib ki, müasir informasiya mühitində auditoriyaya məlumat çatdırmağın çevik və təsirli formalarından istifadə etmək xüsusi əhəmiyyət daşıyır: “Müasir dünyada informasiya bolluğu və güclü informasiya axını şəraitində məlumatın auditoriyaya təqdimatının ən çevik formaları tapılmalıdır və onlardan biri də, şübhəsiz ki, audiovizual məhsul olan sənədli filmlərdir”.

Q.Məhərrəmli işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sənədli filmlər vasitəsilə dünyaya təqdim edilməsinin vacibliyini vurğulayıb: “Ona görə də bizim işğaldan azad olunmuş bölgələrdə aparılan tikinti, quruculuq, yenidənqurma işlərinin məhz bu film şəklində dünyaya təqdim olunması olduqca vacib və gərəkli bir işdir”.
O, sənədli filmlərin təsir gücünün artırılması üçün mövzunun düzgün işlənməsinin və hadisələrin real şəkildə təqdim edilməsinin vacib olduğunu qeyd edib: “Əsas məsələ dramaturgiyanı düz tapmaq, hadisələri dəqiq vermək və bu problemləri olduğu şəkildə çatdırmaqdır. Nə qədər təsirli və emosional olursa, bir o qədər bu çox gözəl olur”.
Nigar Xəlilli
18:00 10.08.2026
Oxunuş sayı: 42