Fransada həmkarlar ittifaqları noyabrın 17-də ümumi tətil elan edib
Fransanın aparıcı həmkarlar ittifaqları hökumətin minimum əməkhaqqının artırılması ilə bağlı qərarına etiraz olaraq noyabrın 17-də ümumi tətil və etiraz aksiyaları keçirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (CGT) və əsas dövlət sektoru həmkarlar ittifaqları birgə bəyanatla çıxış edərək hökumətin minimum əməkhaqqını 1,6 faiz artırmaq planına etiraz ediblər. Onlar əməkhaqlarının daha çox artırılması tələbini yenidən gündəmə gətiriblər.
Fransada son həftələrdə etiraz aksiyaları davam edir. Təhsil şəraitinin qeyri-qənaətbəxş olmasına etiraz edən lisey şagirdlərinin aksiyaları təxminən iki aydır sürür. “Sarı jiletlilər” isə oktyabrın 17, 24 və 31-də, eləcə də noyabrın 5-də küçələrə çıxıblar.
Hökumət etirazlar fonunda təhlükəsizlik tədbirlərini gücləndirib. Həmkarlar ittifaqlarının çağırışı ilə noyabrın 5-də keçirilən aksiyalarda rəsmi məlumatlara görə, təxminən 600 min, həmkarlar ittifaqlarının hesablamalarına əsasən isə 1,6 milyon nəfər iştirak edib. Bu, oktyabrın 17-dən bəri bahalaşmaya qarşı keçirilən ən kütləvi aksiya olub.
Oktyabrın 17-də “Sarı jiletlilər”in aksiyaları zamanı 3 mindən çox ticarət obyektinə ziyan dəyib və ya onlar qarət edilib. Polis zorakılığı ilə bağlı müzakirələrə səbəb olan aksiyalar zamanı minlərlə insan saxlanılıb.
Hökumət mümkün yeni etirazlarla əlaqədar qismən komendant saatı və aksiyaların qadağan edilməsi də daxil olmaqla bir sıra tədbirlərin tətbiqinə qərar verib.
19:32 09.11.2026
Oxunuş sayı: 40