Atatürkün 88 illik anım günündə onun ideyalarına və dövlətçilik irsinə diqqət çəkilib
Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Qazi Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümündə xatirəsi ehtiramla yad edilib.
Crossmedia.az xəbər verir ki, CNN Türk bu barədə məlumat yayıb.
Anım müraciətində Atatürkün irsinin qorunmasının, onun ideyalarının müasir dövrün reallıqlarına uyğun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, Atatürkün quruculuq fəlsəfəsini, dövlətçilik düşüncəsini və əsas prinsiplərini fəaliyyətin bütün sahələrində rəhbər tutmaq onun irsini anlamağın ən düzgün yoludur. Onun ideyalarını mənimsəmək siyasi, sosial, mədəni və iqtisadi prosesləri düzgün qiymətləndirməklə dövlətin və xalqın varlığını qorumaq iradəsini gücləndirmək deməkdir.
Müraciətdə Türkiyənin tarixi təcrübəsinin və geosiyasi mövqeyinin müasir şəraitə uyğun dəyərləndirilməsi, elmi-texnoloji inkişaf və strateji düşüncə ilə birləşdirilərək ölkənin tərəqqisinə yönəldilməsi də vacib hesab olunub.
Atatürk cəbhədə qazandığı qələbələrlə uğurlu hərbçi və komandan, Cümhuriyyətin qurulmasından sonra həyata keçirdiyi islahatlarla isə türk xalqını müasir sivilizasiya səviyyəsinə çatdırmağı qarşısına məqsəd qoyan dövlət xadimi kimi səciyyələndirilib.
Onun Cümhuriyyəti ən böyük əsəri hesab etdiyi və Türkiyə Cümhuriyyətinin əbədi yaşayacağına dair fikirləri xatırladılıb. Qeyd olunub ki, gələcək nəsillərin əsas vəzifəsi Atatürkün qoyub getdiyi mirası qorumaq və yaşatmaqdır.
Müraciətin sonunda Qazi Mustafa Kamal Atatürklə yanaşı, Milli Mübarizə qəhrəmanları və şəhidlər də ehtiramla yad edilib, onların ruhuna rəhmət dilənib.
19:20 09.11.2026
Oxunuş sayı: 43