İsrail əsgərləri Suriyada jurnalistlərə atəş açıb, yaralı var
İsrail hərbçiləri Suriyanın cənubundakı Kuneytra vilayətinin kənd ərazisində keçirdikləri basqını lentə alan jurnalistlərə atəş açıb, nəticədə bir mülki şəxs yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə”yə istinadən məlumat yayıb.
Məlumata görə, Suriyanın cənubunda işğalını davam etdirən İsrail qüvvələri Kuneytra vilayətinin kənd ərazilərində basqın həyata keçirib. Hərbçilər hadisəni lentə alan jurnalistlərə atəş açıblar.
Yerli mənbələrin “Anadolu” agentliyinin müxbirinə verdiyi məlumata əsasən, atəş nəticəsində bir mülki şəxs yaralanıb. Suriya rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.
Bildirilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra ötən bir ilə yaxın müddətdə İsrail ordusu Kuneytra və Dəraa vilayətlərində 9 hərbi baza yaradıb və təxminən 12 min dönüm ərazini işğal edib.
Dəməşq administrasiyası İsrail ordusunun Kuneytra və Dəraa vilayətlərinin kənd ərazilərində keçirdiyi basqınların, eləcə də mülki şəxslərə qarşı hücumların 1974-cü il tarixli Qüvvələrin Ayrılması Sazişini pozduğunu bildirir.
Suriya rəhbərliyi İsrailin işğal altında saxladığı bütün Suriya ərazilərindən çıxmasını tələb edir və beynəlxalq ictimaiyyəti Təl-Əvivin hücumlarına qarşı məsuliyyət götürməyə çağırır.
19:37 09.11.2026
Oxunuş sayı: 34