Gümrüdə iki rus hərbçi Ukrayna vətəndaşını döyməkdə ittiham olunur
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşını döyməkdə ittiham olunaraq həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Hadisə təxminən bir ay əvvəl Gümrünün Ani məhəlləsində baş verib. Ukrayna vətəndaşı Dmitri Samuelenko iki rus hərbçisi tərəfindən döyüldüyünü bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi maddəsi ilə cinayət işi başlanılıb və məhkəmə-tibbi ekspertiza təyin olunub.
Sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən hər iki hərbçi həbs edilərək Ermənistanın penitensiar müəssisəsinə yerləşdirilib. Hadisənin səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Gümrüdə rus hərbçilərin başqa bir gənci döyərək alçaltdığını əks etdirdiyi bildirilən videogörüntülər də yayılıb. Hüquq müdafiəçisi Artur Sakunts bununla bağlı Baş Prokurorluğa müraciət edib.
Ermənistanın hüquq-mühafizə orqanları ikinci hadisə ilə bağlı araşdırma aparır. Rusiya hərbi bazası və Rusiyanın Ermənistandakı səfirliyi baş verənlərə münasibət bildirməyib.
20:21 09.11.2026
Oxunuş sayı: 50