Aİ Ukraynaya hərbi təlim missiyasının müddətini 2028-ci ilədək uzadıb
Avropa İttifaqı Şurası Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM Ukraine) mandatını iki il müddətinə – 15 noyabr 2028-ci ilədək uzadıb və missiyanın fəaliyyəti üçün təxminən 300 milyon avro ayırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Qərar missiyanın fəaliyyətinin strateji qiymətləndirilməsinin nəticələrinə əsasən qəbul edilib.
Yenilənmiş mandat çərçivəsində EUMAM Ukraine missiyasına Ukrayna hərbçiləri və beynəlxalq tərəfdaşlarla fəaliyyətini əlaqələndirmək məqsədilə birbaşa Ukrayna ərazisində olmaq imkanı veriləcək.
Dəyişikliklər Avropanın hərbi hazırlıq proqramının Ukrayna ordusunun ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu çərçivədə döyüş təcrübəsinin təhlilinə və hərbi hazırlıq sisteminin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Missiya ABŞ, Böyük Britaniya, Kanada və Norveç də daxil olmaqla beynəlxalq tərəfdaşlarla, eləcə də “Könüllülər koalisiyası” ilə əməkdaşlığı davam etdirəcək. Bundan başqa, EUMAM Ukraine Ukraynaya təhlükəsizlik və hərbi hazırlıq sahəsində dəstək göstərilməsi istiqamətində NATO ilə də işləyəcək.
Qeyd edək ki, EUMAM Ukraine Aİ-nin Ukraynaya hərbi dəstəyinin əsas mexanizmlərindən biridir. 2022-ci ilin oktyabrında Ukraynanın müraciəti əsasında yaradılan missiya çərçivəsində indiyədək 100 mindən çox ukraynalı hərbçi təlim keçib.
21:41 09.11.2026
Oxunuş sayı: 55