Ərdoğan: Gabar bölgəsində daha iki sahədə 135 milyon barel neft potensialı müəyyən edilib
Türkiyənin Gabar bölgəsində daha iki sahədə ümumilikdə 135 milyon barel neft ehtiyatı potensialı aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Gabar bölgəsində Türkiyənin ən keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir.
Prezident qeyd edib ki, Qara dənizdə hasil olunan təbii qaz hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödəyir. “Osmangazi” gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyon ev təsərrüfatına çatdırılması nəzərdə tutulur.
Ərdoğan bildirib ki, 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik neft hasilatının 100 min bareli ötəcəyi gözlənilir.
Onun sözlərinə görə, bu, Türkiyə iqtisadiyyatına ildə 4,4 milyard dollar töhfə verəcək.
21:01 09.11.2026
Oxunuş sayı: 42