Tramp immiqrasiya siyasətinin sərt olduğunu etiraf edib
ABŞ Prezidenti Donald Tramp sənədsiz immiqrantların kütləvi həbsi və deportasiyasına yönəlmiş siyasətin cəmiyyətdə ciddi narazılıq yaratdığını etiraf edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu fikirləri “60 Minutes” verilişinə geniş müsahibəsində səsləndirib.
ABŞ lideri əsasən ölkədə 10 ildən artıq yaşayan və ağır cinayət törətməmiş immiqrantlara qarşı tətbiq olunan tədbirlərin həddindən artıq sərt olduğunu bildirib. O, bu siyasəti “çox sərt” kimi qiymətləndirib.
Bununla belə, sərt immiqrasiya siyasətinin əsas tərəfdarlarından biri olan Stiven Millerin aparat rəhbəri vəzifəsinə təyin edilməsinin administrasiyanın mövqeyinə necə təsir göstərəcəyi hələlik aydın deyil.
Müsahibədə Tramp siyasi rəqiblərinə münasibətindən də danışıb. O, onları bağışlamaq niyyətində olmadığını bildirərək bəzi rəqiblərinə nifrət etdiyini və bu münasibətin dəyişməyəcəyini vurğulayıb.
ABŞ Prezidenti vitse-prezident Cey Di Vensin İran əməliyyatı ilə bağlı tənqidi açıqlamalarına da münasibət bildirib. Tramp Vensin cavablarından tam razı qalmadığını gizlətməyib.
O, qarşıdakı prezident seçkilərində Vensin namizədliyini mütləq dəstəkləyəcəyinə dair zəmanət verməyib. Tramp mümkün varislər sırasında dövlət katibi Marko Rubio və bir neçə uğurlu senatorun adını çəkərək Respublikaçılar Partiyasında gələcək namizədlik mübarizəsini açıq saxlayıb.
20:53 09.11.2026
Oxunuş sayı: 43