NATO liderləri Ukraynanın Alyansa üzvlüyünü bir daha təsdiqləyiblər
Ukrayna üzvlük prosesi çərçivəsində Üzvlük üzrə Fəaliyyət Planı (MAP) vasitəsilə NATO-ya üzv olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə NATO sammitinin yekun kommunikesi məlumat yayıb.
30 NATO üzvü ölkənin dövlət və hökumət başçılarının qəbul etdiyi sənəddə 2008-ci ildə Buxarestdə keçirilən sammitdə verilmiş qərarın qüvvədə olduğu bir daha vurğulanıb. Həmin qərara əsasən, Üzvlük üzrə Fəaliyyət Planı Ukraynanın Alyansa qoşulması prosesinin ayrılmaz hissəsi olacaq.
Kommunikedə NATO liderləri Ukraynanın öz gələcəyini və xarici siyasət kursunu kənar müdaxilə olmadan müəyyənləşdirmək hüququnu dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Ukraynanın NATO-ya üzvlük məqsədinə çatması üçün islahatları davam etdirməsində NATO-Ukrayna Komissiyası çərçivəsində illik milli proqramlar əsas mexanizm olaraq qalır.
Sənəddə korrupsiyaya qarşı mübarizə, inklüziv siyasi prosesin təşviqi və desentralizasiya islahatları da daxil olmaqla, genişmiqyaslı, davamlı və geri dönməz dəyişikliklərin vacibliyi vurğulanıb. Təhlükəsizlik sektorunda, xüsusilə Ukrayna Təhlükəsizlik Xidmətinin islahatının əhəmiyyəti qeyd edilib.
21:33 09.11.2026
Oxunuş sayı: 45