ABŞ-nin hücumu İranı hansı təhlükədən xilas etmişdi? – Aylar sonra açıqlandı
İranda iqtisadi vəziyyət və əhalinin sosial rifahı ölkə rəhbərliyinin əsas narahatlıq mövzularından biri olaraq qalır. Müharibə və sülh arasında davam edən qeyri-müəyyən şəraitdə iqtisadi problemlərin ölkənin daxili sabitliyinə mümkün təsirləri də diqqət çəkir.
İran Prezidenti Məsud Pezeşkian jurnalistlərlə keçirdiyi mətbuat konfransında əsas narahatlığının ABŞ-in yenidən hücum edib-etməyəcəyindən daha çox xalqın dolanışığı və iqtisadi vəziyyəti olduğunu bildirib. O, eyni zamanda, xarici təzyiqlərin İranı təslimə məcbur edə bilməyəcəyini, əsas təhlükənin daxili ixtilaf və parçalanma ola biləcəyini vurğulayıb.

Politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, İranda sosial-iqtisadi vəziyyətin ağırlaşması uzun müddətdir müşahidə olunan prosesdir: “İranda sosial-iqtisadi vəziyyətin ağır olduğu elə bir ciddi sirr deyil. Hələ bu ilin əvvəllərindən sosial-iqtisadiyyatın böhranlı vəziyyətdə olmasına etiraz edən geniş xalq kütlələri etiraz aksiyalarına qalxmışdılar və hökumətdən olduqca ciddi tələblər irəli sürürdülər. Bu proses uzun müddət davam etdi və qarşısı ABŞ-nin İrana hərbi müdaxiləsindən sonra alınmış oldu. Yəni Yaxın Şərq savaşı İrandakı ölkədaxili sosial-iqtisadi böhrana etiraz edənlərin kütləvi iğtişaşlarını nisbətən arxa plana keçirmiş oldu”.
Politoloq qeyd edib ki, hazırkı müharibə şəraitində əhalinin hakimiyyətə münasibətində müşahidə olunan dəyişiklik sosial-iqtisadi problemlərin aradan qalxdığı anlamına gəlmir: “Ancaq indiki savaş vəziyyətində İran əhalisinin hakim siyasi dairələrə qarşı nisbətən tolerant mövqedən çıxış etməsi sosial-iqtisadi problemlərin həll edildiyi mənasına gəlmir. Əksinə, Yaxın Şərq savaşı İranda sosial-iqtisadi problemləri daha da dərinləşdirib. Çünki ABŞ-in hərbi zərbələri bəzi iqtisadi sektora aid müəssisələrə ciddi zərər vurub. Eyni zamanda ABŞ İrana qarşı yeni blokada siyasəti yürüdür və İranın neft ixracını bloklamağa çalışır. Rəsmi Vaşinqton böyük ölçüdə də bunu reallaşdırmış kimi görünür. Üstəlik, Hörmüz boğazına nəzarətin həm də ABŞ-nin əlində olması İranın iqtisadi-ticari fəaliyyətini də məhdudlaşdırır”.
E.Xalidbəyli vurğulayıb ki, yaranmış vəziyyət rəsmi Tehranın sosial-iqtisadi problemlərin həllinə daha çox diqqət ayırmasını zəruri edir: “Bütün bu proseslər istər-istəməz İranın ölkədaxili sosial-iqtisadi vəziyyətinə ciddi neqativ təsirlər göstərir. Bu baxımdan da, təbii ki, İranda sosial-iqtisadi vəziyyətin davamlı şəkildə neqativ məzmun daşıması rəsmi Tehranın ciddi şəkildə narahat edir. Prezident Məsud Pezeşkian da məhz bu narahatlığını ifadə edir. Hesab edir ki, İran hökuməti əsas diqqəti məhz ölkədaxili sosial-iqtisadi problemlərin həllinə yönəltməlidir. Bu onu göstərir ki, Pezeşkian İran əhalisinin vəziyyətindən tamamilə xəbərdardır və bu vəziyyətin təhlükəli olduğunu da anlayır. Ona görə də prezident Məsud Pezeşkian yaxın gələcəkdə daha xaotik situasiya yarada biləcək kütləvi etiraz dalğasının baş qaldırmaması üçün mümkün qədər tez bir zamanda İranın sosial-iqtisadi problemlərinin həllinin vacibliyini ön plana çəkir”.
Nigar Xəlilli
18:20 10.08.2026
Oxunuş sayı: 46