Yuğ Teatrında "Ana" tamaşasının premyerası keçirilib
Azərbaycan Dövlət Yuğ Teatrında çex dramaturq Karel Çapekin eyniadlı pyesi əsasında "Ana" tamaşasının premyerası keçirilib.
Crossmedia.az xəbər verir ki, janrı bir bölümlü dramatik sonata kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə İlahə Şahverənlidir.
Tamaşada doğmalarının itkisinin əzablarına qatlaşan ananın müharibə əleyhinə olan övladını qorumaq uğrunda apardığı mübarizə təqdim olunur. Vətən müharibəsi dönəmində ölmüş ata, baba və övladlarının ruhları ilə əlaqəyə girən ana onların "sonbeşiyini döyüşə göndər" xahişlərinə əməl etməsə belə, axırda vətənin çağırışına tab gətirə bilmir və sonuncu ümidini müharibəyə yollayır.
Səhnə əsərində aktyorlar Mətanət Abbaslı, Amid Qasımov, Elgün Həmidov, Rahib Allahquliyev, İlahə Şahverənli və Atilla İbrahimli çıxış ediblər.
Qeyd edək ki, dövlət sifarişi əsasında hazırlanmış "Ana" tamaşasının növbəti premyerası 20 noyabrda keçiriləcək.
19:39 14.11.2026
Oxunuş sayı: 109