COP31-də mikrofon açıq qaldı: Baş nazirin zarafatını hamı eşitdi
Türkiyənin Antalya şəhərində keçirilən COP31 İqlim Sammitində gözlənilməz hadisə yaşanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaniz və İqlim naziri Kris Bouen arasında şəxsi söhbət zamanı edilən zarafat mikrofonların açıq qalması səbəbindən bütün salonda eşidilib.
Hadisə sammitdə çıxışdan əvvəl baş verib. Albaniz nazir Boueni mobil telefonunu döş cibində gəzdirməyin ürək ritminə təsir edə biləcəyi barədə xəbərdar edib. Bouen isə telefonunu şalvarının cibində gəzdirməkdən daha çox narahat olduğunu bildirib.
Bundan sonra tərəflər arasında söhbət intim məzmunlu zarafata çevrilib. Albaniz nazirin intim nahiyəsinə eyham vuran zarafat edib, Bouen də eyni üslubda cavab verib. Hər iki siyasətçi söhbətdən sonra gülüşsə də, mikrofonların açıq qaldığının fərqinə varmayıb.
Avstraliya Baş nazirinin ofisindən verilən açıqlamada hadisənin görüşlər arasındakı səmimi zarafatlaşma olduğu bildirilib.
Ölkənin ətraf mühit naziri Mürrey Vatt da jurnalistlərə açıqlamasında baş verənləri iki həmkarın şəxsi söhbəti zamanı etdiyi zarafat kimi qiymətləndirib.
Qeyd edək ki, Entoni Albaniz daha əvvəl də qalmaqallı ifadələri ilə gündəmə gəlib. O, müğənni Kayli Minouq haqqında podkastda səsləndirdiyi ədəbsiz ifadələrə görə tənqid olunmuş və sonradan üzr istəmişdi.
23:09 14.11.2026
Oxunuş sayı: 78