Qlobal ticarətin yeni rəqabət meydanı: Limanlara milyardlıq investisiyalar
Aralıq dənizi və Qara dəniz hövzəsində yerləşən limanlar beynəlxalq yükdaşımalar bazarında paylarını artırmaq üçün genişmiqyaslı investisiya layihələri həyata keçirirlər. Bu rəqabətdə Türkiyə, Yunanıstan, Misir, Rumıniya və İsrail limanları ön plana çıxır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşrində dərc olunan Mert İnanın məqaləsində bildirilib.
Məlumata görə, Misirin Port-Səid limanında 500 milyon dollarlıq, Yunanıstanın Saloniki limanında isə təxminən 196 milyon avroluq genişləndirmə layihələri həyata keçirilir. Türkiyə də Mersin limanının inkişafına 455 milyon dollar investisiya yatırır.
Məqalədə qeyd olunur ki, Çinin COSCO şirkəti Yunanıstanın Pirey limanında, Hindistanın Adani qrupu və Çinin SIPG şirkəti İsrailin Hayfa limanında, BƏƏ-nin DP World şirkəti isə Rumıniyanın Konstansa limanında fəaliyyət göstərir.
Mersin limanında aparılan investisiyalar nəticəsində illik konteyner emalı gücünün 2,6 milyondan 3,6 milyon TEU-ya çatdırılması hədəflənir. Limanın əsas səhmdarları arasında Sinqapurun PSA International şirkəti də var.
Məqalədə vurğulanır ki, limanlar arasında rəqabət yalnız coğrafi mövqe və yükdaşıma gücü ilə deyil, həm də beynəlxalq dənizçilik şirkətlərinin investisiyaları və logistika şəbəkələrinə nəzarət imkanları ilə müəyyənləşir
22:25 14.11.2026
Oxunuş sayı: 84