Şimali Koreyalı hakerlər 18 ayda 400 milyon dollarlıq kriptovalyuta oğurlayıb
Şimali Koreya ilə əlaqəli hakerlər son 18 ay ərzində təxminən 400 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, kibercinayətkarlar kriptovalyuta şirkətlərinin əməkdaşlarını aldatmaq üçün onların tanışları kimi davranaraq videokonfranslara dəvət ediblər. Görüşlər zamanı qarşı tərəfdə canlı insan əvəzinə əvvəlcədən hazırlanmış videolar və ya kriptovalyuta sənayesinin tanınmış nümayəndələrinin dərin saxta (deepfake) görüntüləri nümayiş etdirilib.
Daha sonra hakerlər guya texniki nasazlıq yarandığını bildirərək qurbanlardan göndərilən linkə keçməyi və ya kompüterlərində müəyyən təlimatları yerinə yetirməyi istəyiblər. Nəticədə cihazlara zərərli proqramlar yüklənib və cinayətkarlar istifadəçilərin hesablarına, eləcə də kriptovalyuta aktivlərinə çıxış əldə ediblər.
Bundan başqa, hakerlər qurbanları veb-kameralar vasitəsilə qeydə alıb, həmin görüntülərdən sonradan onların adından çıxış etmək və tanışlarını aldatmaq üçün istifadə ediblər. ABŞ Federal Təhqiqat Bürosu (FBI) bu üsulla əldə edilmiş 900-dən çox video qeydə rast gəlib.
ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, oğurlanan vəsaitlər Kim Çen In rejiminin və Şimali Koreyanın hərbi proqramlarının maliyyələşdirilməsinə yönəldilir.
18:38 14.11.2026
Oxunuş sayı: 117