Süni intellekt üçün milyonlarla kitab məhv edilir: İnsanlığın yaddaşı təhlükədə
Süni intellekt şirkətlərinin texnologiyalarını inkişaf etdirmək məqsədilə milyonlarla çap kitabını satın aldığı, rəqəmsallaşdırdıqdan sonra isə fiziki nüsxələrini məhv etdiyi üzə çıxıb. Bu proses tarixi və mədəni irsin qorunması ilə bağlı narahatlıqları artırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşrində dərc olunan Mert İnanın məqaləsində bildirilib.
Məlumata görə, süni intellekt modellərinin təlimi üçün internetdə mövcud olmayan çap əsərlərinə maraq artıb. Bəzi şirkətlər kitabları kütləvi şəkildə satın alır, cildlərini kəsərək səhifələri xüsusi sənaye skanerləri vasitəsilə rəqəmsallaşdırır. Proses başa çatdıqdan sonra isə fiziki nüsxələr təkrar emala göndərilir.
Bu üsul “dağıdıcı skanlama” (destructive scanning) adlandırılır.
Məqalədə qeyd olunur ki, prosesin mərkəzində “Claude” süni intellekt modelinin yaradıcısı “Anthropic” şirkəti dayanır. ABŞ-ın Kaliforniya ştatında federal məhkəmənin açıqladığı sənədlərə əsasən, şirkət 2024-cü ildə milyonlarla çap kitabı satın alıb. Kitablar cildlərindən ayrılaraq rəqəmsal formata keçirilib, fiziki nüsxələri isə sonradan utilizasiya edilib.
“Project Panama” adlandırılan əməliyyat çərçivəsində şirkətin altı ay ərzində 500 minlə 2 milyon arasında kitabı rəqəmsallaşdıra biləcək xidmət təminatçısı axtardığı da bildirilir.
Kitabların toplanması prosesi Avropaya da yayılıb. Belə ki, Niderlandın Haarlem şəhərində fəaliyyət göstərən ikinci əl kitab mağazalarından birinə Sinqapurda yerləşən “2077AI” şirkəti tərəfindən təxminən 3 min kitabın ISBN nömrələrindən ibarət sifariş siyahısı göndərilib. Böyük Britaniyada fəaliyyət göstərən bəzi kitab satıcıları da qısa müddətdə yüzlərlə kitaba sifariş aldıqlarını bildiriblər.
Məqalədə diqqət çəkilən digər məqam isə “Anthropic” şirkətinin müəllif hüquqları ilə bağlı üzləşdiyi məhkəmə prosesidir. Şirkətin pirat mənbələrdən əldə edilmiş 7 milyondan çox rəqəmsal kitab nüsxəsindən istifadə etdiyi iddiaları üzrə müəlliflərlə 1,5 milyard dollarlıq razılaşma əldə etdiyi bildirilir. 2026-cı ilin iyulunda yekun təsdiq alan razılaşmaya əsasən, hər əsər üçün təxminən 3 min dollar məbləğində ödəniş nəzərdə tutulub.
Bununla belə, həmin razılaşmanın fiziki kitabların məhv edilməsi ilə deyil, qanunsuz rəqəmsal nüsxələrdən istifadəyə dair müəllif hüquqları iddiaları ilə bağlı olduğu vurğulanır.
Məqalədə Türkiyədəki akademik nəşriyyatlara da 17-20 min kitabdan ibarət arxivlərini süni intellekt şirkətlərinə vermək müqabilində yüksək məbləğlər təklif edildiyi iddia olunur.
Mütəxəssislər bildirirlər ki, kitabların dəyəri yalnız mətnlərlə məhdudlaşmır. Onların cildləri, kağız xüsusiyyətləri, əlyazma qeydləri, nəşr fərqləri və əvvəlki sahiblərinin qoyduğu izlər də tarixi əhəmiyyət daşıyır. Bu nümunələrin məhv edilməsi yazılı irsin bir hissəsinin birdəfəlik itirilməsi ilə nəticələnə bilər.
Geostrategiya üzrə mütəxəssis və tədqiqatçı Ahmet Uslunun fikrincə, süni intellekt şirkətlərinin köhnə kitablara marağının əsas səbəbi internetdə olmayan orijinal məlumatlara çıxış əldə etməkdir. Akademik tədqiqatlar, yerli tarix araşdırmaları və məhdud sayda çap edilmiş əsərlər süni intellekt modelləri üçün qiymətli məlumat mənbəyi hesab olunur.
Ədəbiyyatçı Səma Soykan isə bu prosesin yazıçılar, tədqiqatçılar və ümumilikdə mədəni irs üçün ciddi təhlükə yaratdığını bildirib. O, kitabların qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb
21:57 14.11.2026
Oxunuş sayı: 199