İran müdafiə sənayesində böyük dəyişikliklərə hazırlaşır
İran müdafiə potensialını, o cümlədən hava hücumundan müdafiə sistemlərini və hücum aviasiyasını əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi “Mehr” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran müdafiə sənayesinin inkişafını maksimum güc və qətiyyətlə davam etdirəcək. Deputat ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb və hava hücumundan müdafiə, eləcə də hava hücumu imkanlarında ciddi dəyişikliklərin gözlənildiyini qeyd edib.
Borucerdi raket texnologiyalarının və pilotsuz uçuş aparatlarının inkişafını buna nümunə göstərib. Onun sözlərinə görə, bu sahədə əldə olunan nailiyyətlər İranın beynəlxalq miqyasda tanınan “Shahed” dronları ailəsinin istehsalını təşkil etməsinə imkan verib. Deputat müdafiə sənayesinin digər istiqamətlərində də oxşar irəliləyişlərin gözlənildiyini bildirib.
O, həmçinin İranın rəqiblərinin hərəkətlərinin ölkə cəmiyyətində inqilabi əhval-ruhiyyəni gücləndirdiyini və milli birliyi möhkəmləndirdiyini iddia edib. Borucerdinin fikrincə, ölkənin 12 və 40 günlük müharibələr zamanı itkilər verməsinə baxmayaraq, bu hadisələr İranın hərbi-siyasi nüfuzunun və cəmiyyətdə həmrəyliyin artmasına töhfə verib.
Deputat İranın ali rəhbəri ayətullah Əli Xameneinin 2026-cı il fevralın 28-də öldürülməsinə də toxunub. O, hadisəyə görə ABŞ və İsraili məsul tutaraq Xameneinin və digər həlak olanların qisasının qətiyyətlə alınmalı olduğunu bildirib.
Borucerdi milli birliyin qorunmasında vətəndaşların ictimai aksiyalarda iştirakını mühüm amillərdən biri adlandırıb. O, ölkədə parçalanma və fikir ayrılıqları yaratmaq istəyən qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırıb.
“Mehr” agentliyinin məlumatına görə, İran sakinləri silahlı qüvvələrə və ölkənin İslam idarəçilik sisteminə dəstək məqsədilə təxminən 260 gündür gecə mitinqlərində iştirak edirlər.
Deputat bütün ictimai və siyasi qüvvələri həmrəyliyi qorumağa çağıraraq, mövcud şəraitdə milli birliyin prinsipial əhəmiyyət daşıdığını vurğulayıb.
19:52 14.11.2026
Oxunuş sayı: 103