Azərbaycanın Avropa siyasi məkanında artan rolu və yeni strateji mesajlar
Prezident İlham Əliyevin noyabrın 12-13-də İrlandiyaya – Dublin şəhərinə işgüzar səfəri və burada keçirilən görüşlər Azərbaycanın xarici siyasətinin bir neçə mühüm istiqaməti baxımından diqqət çəkir. Səfərin əhəmiyyətini yalnız Avropa Siyasi Birliyinin (ASB) IX Zirvə toplantısında iştirakla məhdudlaşdırmaq düzgün olmazdı. Çünki Dublin görüşləri Azərbaycanın Avropa ilə münasibətlərinin dərinləşdirilməsi, enerji və nəqliyyat təhlükəsizliyində mövqeyinin möhkəmləndirilməsi, Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə keçməsi, eləcə də Ermənistanla sülh gündəliyinin irəlilədilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Əslində, Dublin səfəri Azərbaycanın müasir geosiyasi reallıqlarda tutduğu mövqenin bir növ diplomatik nümayişi idi. Bir tərəfdən, Bakı Avropa ölkələrinin enerji və iqtisadi təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir, digər tərəfdən, Cənubi Qafqazda sülhün və regional kommunikasiyaların formalaşmasında əsas aktorlardan biri olduğunu göstərir.
Bu baxımdan səfər çərçivəsində keçirilən görüşlərin hər biri ayrı-ayrılıqda əhəmiyyət daşısa da, onların ümumi mənzərəsi daha geniş siyasi məzmun ortaya qoyur.

Avropa ilə dialoq: Azərbaycanın dəyişən geosiyasi çəkisi
İlk növbədə, nəzərə almaq lazımdır ki, IX Avropa Siyasi Birliyi Zirvə toplantısı qitənin təhlükəsizlik, iqtisadi rəqabət, enerji təminatı, nəqliyyat bağlantıları və texnoloji inkişaf kimi fundamental məsələlərinə həsr olunmuşdu. “Güclü, təhlükəsiz və əlaqəli Avropa” şüarı altında keçirilən toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edirdi.
2022-ci ildə yaradılan Avropa Siyasi Birliyi Avropa İttifaqının institusional çərçivəsindən kənarda da geniş siyasi dialoq aparmağa imkan verən platformadır. Burada Aİ üzvləri ilə yanaşı, təşkilata daxil olmayan Avropa dövlətləri də təmsil olunur. Bu xüsusiyyət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı Avropa ilə münasibətlərini yalnız Aİ institutları ilə məhdudlaşdırmır, bütövlükdə Avropa siyasi məkanı ilə çoxşaxəli əməkdaşlıq qurmağa çalışır.
Məhz bu platformada Azərbaycanın iştirakı ölkənin regional deyil, daha geniş beynəlxalq təhlükəsizlik və əməkdaşlıq gündəliyinin iştirakçısı olduğunu göstərir.

Bugünkü Avropanın qarşılaşdığı əsas problemlər – Rusiya-Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, geosiyasi rəqabət, hibrid təhdidlər, nəqliyyat marşrutlarının dayanıqlılığı və iqtisadi rəqabət – Azərbaycanın maraqları ilə birbaşa kəsişir. Belə şəraitdə Bakı üçün Avropa liderləri ilə birbaşa təmaslar siyasi mövqelərini çatdırmaq, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və qarşılıqlı maraqları uzlaşdırmaq baxımından mühüm fürsətdir.
Dublin görüşlərinin əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Bakı-London xətti: strateji tərəfdaşlıq yeni mərhələdə
Dublin səfərinin ən mühüm nəticələrindən biri heç şübhəsiz, Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi oldu.
Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri Endi Börnhamla görüşü zamanı iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi vurğulandı. Sənəd mövcud strateji tərəfdaşlığı rəsmiləşdirməklə yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini də genişləndirir.
Bu hadisənin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür.
Birincisi, Azərbaycan-Böyük Britaniya münasibətləri artıq uzun illərdir enerji əməkdaşlığı üzərində qurulub. Böyük Britaniya Azərbaycanın Avropadakı ən böyük investorudur. BP şirkətinin ölkəmizin neft-qaz sektorundakı fəaliyyəti, Xəzər hövzəsində həyata keçirilən beynəlxalq enerji layihələri bu münasibətlərin iqtisadi əsasını təşkil edir.
Lakin hazırkı geosiyasi şəraitdə tərəfdaşlığın yalnız ənənəvi enerji sektoru ilə məhdudlaşması kifayət deyil. Təsadüfi deyil ki, Dublin görüşündə bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq imkanları da müzakirə olundu.

İkincisi, Böyük Britaniya ilə münasibətlərin dərinləşməsi Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasında artan əhəmiyyətini göstərir. Londonun Azərbaycanla münasibətlərə strateji yanaşması Cənubi Qafqazın geosiyasi əhəmiyyəti ilə də bağlıdır. Xüsusilə Orta Dəhliz, enerji marşrutları və Xəzər hövzəsi ətrafında formalaşan yeni iqtisadi əlaqələr Azərbaycanı Britaniya üçün də mühüm tərəfdaşa çevirir.
Üçüncüsü, bu sənəd Azərbaycanın xarici siyasətində çoxşaxəlilik prinsipinin davamıdır. Bakı bir tərəfdən Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, digər tərəfdən Avropa İttifaqı ölkələri, Böyük Britaniya, ABŞ və Asiya dövlətləri ilə əməkdaşlığını genişləndirir.
Beləliklə, Dublin görüşü Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni siyasi və iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əsas məsələ isə imzalanmış sənədin konkret layihələrə, investisiyalara və texnoloji əməkdaşlığa çevrilməsidir.

Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın strateji üstünlüyü
Dublin səfərinin diqqətçəkən istiqamətlərindən biri də Avropa İttifaqı rəhbərliyi ilə təmaslar oldu. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə enerji təhlükəsizliyi, qaz təchizatı, bərpaolunan enerji və nəqliyyat bağlantıları əsas müzakirə mövzuları sırasında yer aldı.
Azərbaycan hazırda qazını Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edir. Görüşdə uzunmüddətli qaz müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulandı. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı ilə bağlı razılaşma diqqətə çatdırıldı.
Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki Avropanın enerji siyasəti son illərdə ciddi transformasiyaya məruz qalıb. Rusiya-Ukrayna müharibəsi enerji mənbələrinin şaxələndirilməsini Avropa üçün strateji zərurətə çevirib. Bu prosesdə Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi təqdim edə bilib.
Əvvəllər Azərbaycanın Avropa üçün əhəmiyyəti əsasən Xəzər hövzəsinin karbohidrogen ehtiyatları və Cənub Qaz Dəhlizi ilə əlaqələndirilirdisə, indi əməkdaşlıq daha geniş məzmun qazanır. Söhbət təkcə təbii qazdan deyil, elektrik enerjisindən, yaşıl enerji layihələrindən və yeni ötürmə infrastrukturlarından gedir.
Bu baxımdan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan xətti üzrə yaşıl enerji əməkdaşlığı xüsusi perspektivə malikdir. Azərbaycanın bərpaolunan enerji potensialı, Xəzər hövzəsinin imkanları və Avropanın artan enerji tələbatı yeni əməkdaşlıq formatı yaradır.
Digər mühüm məsələ Naxçıvan dəmir yolu layihəsidir. Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdə bu layihənin Aİ tərəfindən qiymətləndirilməsinin yaxın zamanda tamamlanacağı bildirilib. Eyni zamanda Orta Dəhlizin inkişafı və nəqliyyat bağlantılarının genişləndirilməsi məsələləri müzakirə edilib.
Bu, Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın nəqliyyat-kommunikasiya xəritəsində mühüm mövqeyə malik dövlət kimi qəbul edildiyini göstərir.
Məsələnin başqa bir tərəfi də var. Qlobal iqtisadiyyatda təchizat zəncirlərinin təhlükəsizliyi getdikcə daha çox əhəmiyyət qazanır. Avropa üçün Asiya bazarlarına çıxışın alternativ yollarının mövcudluğu strateji üstünlükdür. Orta Dəhliz isə bu baxımdan Şərq və Qərb arasında yeni iqtisadi körpü rolunu oynayır.
Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, Xəzər dənizindəki imkanları və region ölkələri ilə əməkdaşlıq təcrübəsi bu marşrutun inkişafında Bakının rolunu artırır. Deməli, Dublin danışıqları həm də Azərbaycanın tranzit potensialının Avropa səviyyəsində müzakirə olunması baxımından əhəmiyyətlidir.

Bakı-İrəvan dialoqu: sülh gündəliyində növbəti mərhələ
Dublin səfərinin ən mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü oldu.
Bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Ermənistan liderləri 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların davamı olaraq sülh prosesinin praktiki mərhələsini müzakirə etdilər.
Danışıqlarda sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit bağlantıları, iqtisadi-ticarət münasibətləri, etimad quruculuğu tədbirləri, eləcə də TRIPP layihəsinin inkişafı əsas mövzular olub. Tərəflər dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması məsələlərinə toxunublar.
Burada bir neçə mühüm məqama diqqət yetirmək lazımdır.
İlk növbədə, Azərbaycan-Ermənistan münasibətlərində siyasi dialoqun praktiki əməkdaşlıq məsələləri ilə tamamlanması müşahidə olunur. Əgər əvvəlki mərhələdə əsas diqqət münaqişədən sonrakı siyasi-hüquqi məsələlərə, sülh sazişinə və qarşılıqlı öhdəliklərə yönəlirdisə, indi kommunikasiyaların açılması, ticarət, iqtisadi əlaqələr və enerji infrastrukturu da gündəliyin mühüm hissəsinə çevrilir.
Bu, əslində, sülhün real məzmun qazanması üçün vacib şərtdir. Çünki siyasi sənədlər münasibətlərin normallaşması üçün hüquqi baza yaratsa da, uzunmüddətli sabitlik qarşılıqlı iqtisadi maraqların formalaşmasını tələb edir.
Görüşdə səsləndirilən rəqəm də diqqətəlayiqdir: ötən ilin noyabrından etibarən Azərbaycan ərazisi vasitəsilə Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bu fakt regional kommunikasiyaların açılmasının artıq müzakirə səviyyəsindən çıxaraq real iqtisadi prosesə çevrildiyini göstərir.
TRIPP layihəsi isə bu prosesin daha geniş geosiyasi kontekstini təşkil edir. Söhbət Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda regionun tranzit imkanlarını genişləndirəcək kommunikasiya xəttindən gedir.
Burada Azərbaycanın mövqeyi prinsipialdır: regional bağlantılar qarşılıqlı maraqlar, suverenlik və beynəlxalq hüququn prinsipləri əsasında inkişaf etməlidir. Bu yanaşma həm Azərbaycanın milli maraqlarına, həm də regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.
Digər tərəfdən, Dublin görüşündə elektrik şəbəkələrinin gələcək əlaqələndirilməsi, transsərhəd çayların idarə olunması və ekoloji əməkdaşlıq məsələlərinin müzakirəsi sülh gündəliyinin artıq daha geniş sahələri əhatə etdiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Bakı ilə İrəvan arasında dialoq təkcə iki ölkənin münasibətləri çərçivəsində deyil, bütövlükdə Cənubi Qafqazın gələcək iqtisadi və siyasi arxitekturası baxımından əhəmiyyət daşıyır.
Lakin burada bir məqamı da nəzərdən qaçırmaq olmaz: müzakirələrin müsbət məzmunu hələ bütün məsələlərin həll edildiyi anlamına gəlmir. Sülh prosesinin dayanıqlılığı əldə olunan razılaşmaların ardıcıl icrasından asılıdır. Buna görə də Dublin görüşünü yekun nəticə deyil, praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti siyasi mərhələ kimi qiymətləndirmək daha doğrudur.
Şərqi Avropa istiqaməti: enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq
Dublin səfərinin digər mühüm xüsusiyyəti Azərbaycanın Şərqi və Cənub-Şərqi Avropa dövlətləri ilə münasibətlərinin gündəlikdə geniş yer tutması idi.
Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, özəl sektorlar arasında əməkdaşlıq və qarşılıqlı səfərlər müzakirə olundu. Zelenski Azərbaycanın Ukraynaya, xüsusilə elektrik avadanlıqları ilə göstərdiyi humanitar dəstəyə görə təşəkkürünü bildirdi. O, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq təcrübəsinin Ukrayna üçün də faydalı ola biləcəyini vurğuladı.
Bu görüşün siyasi əhəmiyyəti Azərbaycanın Ukrayna ilə münasibətlərində balanslı və praqmatik siyasət yürütməsinin davamıdır. Bakı Ukraynanın ərazi bütövlüyünə dəstək mövqeyini qorumaqla yanaşı, humanitar və iqtisadi əməkdaşlığı da inkişaf etdirir.
Moldova Prezidenti Maya Sandu ilə görüşdə isə enerji təhlükəsizliyi, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq müzakirə edildi. Moldova tərəfi Azərbaycanın ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi dəstəyi xüsusi qeyd etdi.
Rumıniya Prezidenti Nikuşor Danla görüş də diqqətəlayiqdir. Burada enerji və nəqliyyat layihələri, Xəzər və Qara dəniz hövzələrini birləşdirən əməkdaşlıq imkanları, müdafiə sənayesi, elm və təhsil məsələləri müzakirə olundu. Bu, Azərbaycan-Rumıniya münasibətlərinin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını göstərir. Prezident.az
Bolqarıstanın Baş naziri Rumen Radevlə görüşdə elektrik enerjisi dəhlizinin yaradılması, bağlantılar və enerji əməkdaşlığının genişləndirilməsi məsələləri ön plana çıxdı.
Çexiyanın Baş naziri Andrey Babişlə danışıqlarda isə iqtisadi-ticarət əlaqələri, investisiya layihələri və biznes dairələrinin qarşılıqlı səfərləri müzakirə edildi. Burada diqqətçəkən məqamlardan biri Azərbaycanın Çexiyanın ən böyük neft təchizatçısı olması faktının vurğulanması idi.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdə Azərbaycanın Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyindəki rolu və TAP layihəsinin əhəmiyyəti qeyd edildi. Tərəflər Azərbaycanın Avropaya qaz ixracını artırmaq imkanlarını da müzakirə etdilər.
Litva Prezidenti Gitanas Nauseda ilə görüşdə isə siyasi münasibətlərin yüksək səviyyəsi, iqtisadiyyat, ticarət, enerji və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu.
Bu görüşlərin ümumi mənzərəsi bir neçə nəticə çıxarmağa imkan verir.
Birincisi, Azərbaycan Şərqi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş mövqeyini möhkəmləndirir.
İkincisi, Bakı ilə həmin ölkələr arasında əməkdaşlıq enerji sektorundan kənara çıxaraq nəqliyyat, investisiya, müdafiə sənayesi, kənd təsərrüfatı və texnologiyalar sahələrini də əhatə etməyə başlayır.
Üçüncüsü, Azərbaycan ayrı-ayrı Avropa dövlətləri ilə ikitərəfli münasibətlərini inkişaf etdirməklə bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığının siyasi və iqtisadi bazasını genişləndirir.
Azərbaycanın xarici siyasətində yeni diplomatik konfiqurasiya
Dublin səfərinə yalnız keçirilmiş görüşlərin sayı və iştirakçıların siyasi statusu baxımından yanaşmaq düzgün olmazdı. Əsas məsələ həmin görüşlərin hansı geosiyasi reallıqda və hansı məqsədlərlə keçirilməsidir.
Hazırda beynəlxalq münasibətlər sistemində ciddi transformasiya gedir. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını dəyişib. ABŞ-ın Avropa ilə münasibətlərində yeni siyasi yanaşmalar meydana çıxır. Enerji bazarlarında rəqabət güclənir, nəqliyyat marşrutlarının təhlükəsizliyi və alternativliyi dövlətlərin strateji prioritetinə çevrilir.
Belə bir şəraitdə Azərbaycanın xarici siyasətində çoxvektorlu yanaşmanın əhəmiyyəti daha da artır.
Bakı bir tərəfdən Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, digər tərəfdən Avropa İttifaqı və Böyük Britaniya ilə iqtisadi-siyasi əlaqələrini genişləndirir. Eyni zamanda Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və digər dövlətlərlə əməkdaşlıq regional və beynəlxalq mövqelərin möhkəmləndirilməsinə xidmət edir.
Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını ayrı-ayrı geosiyasi mərkəzlərin gündəliyinə bağlamadan müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışır.
Dublin səfəri həm də Azərbaycanın COP29-dan sonra beynəlxalq platformalarda qazandığı siyasi və diplomatik təcrübənin davamı kimi qiymətləndirilə bilər. COP29 zamanı Bakı qlobal iqlim diplomatiyasının mühüm mərkəzinə çevrilmiş, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqun aparılmasında fəal rol oynamışdı. İndi isə Avropa Siyasi Birliyi platformasında enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik kimi məsələlər üzrə Azərbaycanın mövqeyi gündəmə gəlir.
Bu, ölkənin beynəlxalq gündəlikdəki rolunun çoxşaxəli xarakter aldığını göstərir.
Dublin görüşlərinin strateji nəticəsi nədir?
Prezident İlham Əliyevin İrlandiyaya səfərinin əsas nəticəsini üç istiqamətdə ümumiləşdirmək mümkündür.
Birincisi, Azərbaycan-Avropa münasibətlərində enerji əməkdaşlığından daha geniş strateji tərəfdaşlığa keçid prosesi sürətlənir. Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi bunun konkret siyasi göstəricisidir. Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdə isə enerji və nəqliyyat bağlantıları üzrə yeni perspektivlər müzakirə olunub.
İkincisi, Azərbaycan Cənubi Qafqazda sülh və kommunikasiyaların inkişafı prosesində əsas aktor statusunu möhkəmləndirir. İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüş göstərdi ki, regional gündəlikdə artıq yalnız siyasi bəyanatlar deyil, konkret iqtisadi və infrastruktur layihələri də mühüm yer tutur.
Üçüncüsü, Azərbaycanın Avropanın müxtəlif siyasi və iqtisadi mərkəzləri ilə münasibətləri paralel şəkildə inkişaf edir. Bu isə ölkənin xarici siyasət imkanlarını genişləndirir və regional proseslərdə manevr imkanlarını artırır.
Bununla belə, əldə olunan siyasi razılaşmaların real nəticələrə çevrilməsi üçün qarşıda mühüm vəzifələr dayanır. Enerji ixracının genişləndirilməsi infrastruktur və maliyyə təminatı, Orta Dəhlizin inkişafı koordinasiya və investisiya, Ermənistanla sülh prosesi isə razılaşmaların ardıcıl icrasını tələb edir.
Məhz bu amillər Dublin səfərinin uzunmüddətli əhəmiyyətini müəyyənləşdirəcək.
Nəticə etibarilə, Dublin görüşləri Azərbaycanın artıq yalnız enerji resursları ilə Avropanın diqqətini cəlb edən ölkə olmadığını, eyni zamanda qitənin təhlükəsizlik, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik gündəliyində söz sahibi olan tərəfdaş kimi çıxış etdiyini nümayiş etdirdi. Azərbaycanın geosiyasi çəkisi coğrafi mövqeyindən, enerji potensialından və regional proseslərdəki rolundan qaynaqlanır. Bakı isə bu üstünlükləri diplomatik və iqtisadi dividendlərə çevirməyə çalışır.
Dublinin əsas mesajı da məhz budur: Azərbaycan Avropa ilə münasibətlərini yeni geosiyasi reallıqlara uyğunlaşdırır və bu münasibətlərdə özünü yalnız tərəfdaş deyil, həm də təşəbbüskar aktor kimi təqdim edir.
Müşahidəçi
19:34 14.11.2026
Oxunuş sayı: 118
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.