Bakıda yarmarkalar yoxa çıxıb - Səbəb nədir?
Bakıda kənd təsərrüfatı məhsullarının satışını təşkil edən yarmarkaların uzun müddətdir keçirilməməsi fermerlər, satıcılar və istehlakçılar üçün ciddi problemə çevrilir. Halbuki belə yarmarkalar sadəcə məhsul satışı üçün ayrılmış məkan deyil, kəndlə şəhər arasında birbaşa iqtisadi əlaqə yaradan, istehsalçının bazara çıxışını asanlaşdıran və əhalinin daha münasib qiymətə kənd məhsulları əldə etməsinə şərait yaradan mühüm mexanizmdir. Xüsusilə ərzaq qiymətlərinin əhalinin gündəlik xərclərinə ciddi təsir etdiyi bir vaxtda bu imkanın məhdudlaşdırılması diqqətdən kənarda qalmamalıdır.
Məsələ ondadır ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermer üçün məhsulu yetişdirmək qədər onu satmaq da vacibdir. İstehsalçı məhsulunu bazara çıxara bilmirsə, çəkdiyi zəhmətin və xərclədiyi vəsaitin qarşılığını tam ala bilmir. Digər tərəfdən, məhsulun istehsalçıdan istehlakçıya çatmasına qədər vasitəçilərin sayının artması qiymət fərqinin yaranmasına səbəb olur. Nəticədə fermer məhsulunu daha ucuz qiymətə satmağa məcbur qalır, alıcı isə eyni məhsulu daha baha qiymətə əldə edir. Kənd təsərrüfatı yarmarkalarının əsas üstünlüyü məhz bu zənciri qısaltmaqdır.
Belə olan halda Bakıda bu yarmarkaların təşkil edilməməsi təkcə ticarət məkanının olmaması kimi qiymətləndirilə bilməz. Söhbət fermerin satış imkanından, alıcının münasib qiymətə məhsul əldə etmək hüququndan və aqrar sektorun şəhər bazarına çıxışının təşviqindən gedir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Bakıda kənd təsərrüfatı məhsulları yarmarkalarının mütəmadi təşkil edilməməsi həm fermerlərin gəlirlərinə, həm də istehlak bazarında qiymət rəqabətinə mənfi təsir göstərir:
“Çünki belə yarmarkalar istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradır və məhsulun bir neçə vasitəçinin əlindən keçməsinin qarşısını alır. Yarmarkalar olmadıqda fermerlər məhsullarını çox vaxt topdansatış vasitəçilərinə aşağı qiymətə satmağa məcbur olurlar. Sonrakı mərhələlərdə isə hər bir vasitəçi öz qazancını məhsulun üzərinə əlavə edir və nəticədə həmin məhsul istehlakçıya daha baha başa gəlir. Bu baxımdan yarmarkaların olmaması qiymətlərin yüksəlməsinə şərait yaradan amillərdən biridir.
Əslində, kənd təsərrüfatı yarmarkaları bazarda alternativ satış kanalı yaratmaqla qiymətlərin tənzimlənməsinə də kömək edir. Fermer məhsulunu birbaşa alıcıya satdıqda daha çox gəlir əldə edir, istehlakçı isə eyni məhsulu daha münasib qiymətə ala bilir. Burada həm istehsalçının, həm də alıcının maraqları uzlaşır. Üstəlik, yarmarkalar kiçik fermerlərin bazara çıxış imkanlarını genişləndirir və onların iri topdansatış şəbəkələrindən asılılığını azaldır.
Belə yarmarkaların davamlı fəaliyyət göstərməsi üçün onların yalnız bayramqabağı və ya mövsümi xarakter daşımaması vacibdir. Bakının müxtəlif rayonlarında daimi və ya həftəlik fəaliyyət göstərən kənd təsərrüfatı bazarları təşkil edilməlidir. Fermerlər üçün satış yerləri ödənişsiz və ya simvolik icarə haqqı ilə ayrılmalı, daşınma, soyuducu anbar və logistika xərclərinin azaldılması üçün dövlət dəstəyi göstərilməlidir. Eyni zamanda, fermerlərin əvvəlcədən qeydiyyata alınması, məhsulun mənşəyinə və keyfiyyətinə nəzarət edilməsi, yarmarkalarda süni qiymət artımının qarşısının alınması üçün şəffaf mexanizm yaradılmalıdır.
Daha bir vacib məsələ fermerlərin bu yarmarkalara cəlb edilməsidir. Bunun üçün bölgələrdən Bakıya məhsul gətirən fermerlərə nəqliyyat dəstəyi göstərilə, kooperativlər vasitəsilə məhsulların birgə daşınması təşkil oluna bilər. Yarmarkaların fəaliyyətinə elektron platforma da əlavə edilməlidir ki, alıcılar hansı məhsulun harada və hansı qiymətə satıldığını əvvəlcədən görə bilsinlər.
Əsas məqsəd yarmarka təşkil etməklə kifayətlənmək deyil, fermerlə istehlakçı arasında davamlı və etibarlı satış sistemi yaratmaqdır. Bu mexanizm həm kənd təsərrüfatı istehsalçılarının gəlirlərini artırar, həm də ərzaq bazarında rəqabəti gücləndirərək qiymətlərin daha əlçatan olmasına töhfə verər”.
Beləliklə, yarmarka fermer üçün qazanc, satıcı üçün fəaliyyət imkanı, alıcı üçün isə seçim və qiymət üstünlüyü deməkdir. Üç tərəfin də marağına xidmət edən bu mexanizmin Bakıda mütəmadi fəaliyyət göstərməməsi ciddi suallar yaradır.
Nazirlik yarmarkaların keçirildiyini bildirir, amma Bakı ilə bağlı vəziyyət fərqlidir

Məsələ ilə bağlı Crossmedia.az-ın Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı sorğuya cavabda bildirilib ki, fermerlərin bazara birbaşa çıxışının təmin edilməsi qurumun prioritet istiqamətlərindən biridir. Bu fəaliyyət əsasən Nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC vasitəsilə həyata keçirilir. Məqsəd istehsalçı ilə istehlakçı arasındakı vasitəçi halqaları azaltmaq, fermerlərin gəlirlərini artırmaq və əhalinin daha münasib qiymətə məhsul əldə etməsinə şərait yaratmaqdır.
Nazirlik bu istiqamətdə bir neçə mexanizmin mövcud olduğunu qeyd edib. Onlardan biri “Kənddən Şəhərə” yarmarkalarıdır. Bildirilib ki, Bakıda və ətraf qəsəbələrdə həftəsonları, eləcə də bayram ərəfəsində mütəmadi yarmarkalar təşkil olunur. Fermerlərin bu yarmarkalarda iştirakı ödənişsizdir, onlara piştaxta, tərəzi və soyuducu avadanlıqlar da pulsuz təqdim edilir.
Bundan başqa, dövlət satınalmaları mexanizmi vasitəsilə fermerlər və kooperativlər məhsullarını məktəblərə, uşaq bağçalarına, xəstəxanalara və hərbi hissələrə elektron portal üzərindən birbaşa tədarük edə bilirlər. “Şəhərdən Kəndə” layihəsi aqroturizm imkanlarını genişləndirir, AFAQ layihəsi isə regionlarda fəaliyyət göstərən qadın fermerlərin qablaşdırma, brendləşmə və məhsullarını bazara çıxarmaq imkanlarını dəstəkləyir.
Nazirliyin açıqlamasında iri market şəbəkələri ilə əməkdaşlıqdan da bəhs olunub. “Aqrar Tədarük və Təchizat” ASC kiçik təsərrüfatların məhsullarını toplayaraq marketlərin rəflərinə çıxarmaq istiqamətində fəaliyyət göstərir.
Qurumun məlumatına görə, “Kənddən Şəhərə” yarmarkalarının təşkilinə davam olunur. Sonuncu dəfə oktyabrın 10-11-də Ağdaş rayonunda keçirilən yarmarkada 36 fermer ümumilikdə 8 ton məhsul satışa çıxarıb. Gələcəkdə Bakı şəhərində və regionlarda da yarmarkaların mütəmadi keçirilməsi nəzərdə tutulur.
Lakin burada diqqət çəkən məqam odur ki, nazirliyin sadaladığı mexanizmlər və regionlarda keçirilən tədbirlər Bakıda kənd təsərrüfatı yarmarkalarının mütəmadi təşkili ilə bağlı yaranan sualları aradan qaldırmır. Nazirlik bir tərəfdən yarmarkaların davam etdirildiyini və Bakıda da keçirilməsinin nəzərdə tutulduğunu bildirir, digər tərəfdən isə paytaxtda bu imkanın nə zaman və hansı qrafiklə təmin olunacağı aydın deyil.

Digər tərəfdən, Bakıda Yeni il yarmarkalarının təşkili ilə bağlı vəziyyət də ürəkaçan deyil. Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Crossmedia.az-a bildirilib ki, bu il də Yeni il yarmarkalarının təşkili gözlənilmir.
Bu cavab isə məsələnin daha ciddi tərəfini ortaya çıxarır. Çünki söhbət yalnız bir bayram tədbirinin keçirilməməsindən getmir. Yeni il ərəfəsində kənd təsərrüfatı məhsullarının satışına yaradılan əlavə imkanlar həm fermerlər, həm kiçik sahibkarlar, həm də şəhər sakinləri üçün əhəmiyyətlidir. Belə bir şəraitdə yarmarkaların niyə təşkil edilməyəcəyi, bu qərarın hansı zərurətdən irəli gəldiyi və alternativ satış imkanlarının necə təmin olunacağı barədə ictimaiyyətə aydın izahat verilməlidir.
Ən maraqlısı isə odur ki, fermerlərin məhsullarını satması üçün şərait yaradılmasının aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirildiyi bildirilir. Yəni bu sahədə təşkilati məsuliyyətin kimdə olduğu bəllidir, mövcud mexanizmlər də açıqlanır. Ancaq Bakıda yarmarkaların keçirilməməsinə dair konkret səbəb göstərilmir. Sadəcə, Yeni il yarmarkalarının təşkil olunmayacağı bildirilir.
Burada haqlı sual yaranır: Fermerlərin bazara birbaşa çıxışını prioritet elan etmək kifayət edirmi, yoxsa bu siyasət real nəticələrlə müşayiət olunmalıdır? Əgər dövlət fermerin məhsulunu birbaşa istehlakçıya çatdırmasını dəstəkləyirsə, onda paytaxtda belə satış məkanlarının genişləndirilməsi niyə təmin edilmir?
Fermer məhsul yetişdirir, bəs onu harada satmalıdır?

Kənd təsərrüfatında istehsalın stimullaşdırılması yalnız fermerə toxum, gübrə, subsidiya və digər dəstəklərin verilməsi ilə məhdudlaşmamalıdır. İstehsalçı üçün ən vacib məsələlərdən biri yetişdirdiyi məhsulun etibarlı satış bazarına sahib olmasıdır. Əks halda, fermerin istehsala çəkdiyi xərc və zəhmət iqtisadi baxımdan gözlənilən nəticəni verməyə bilər.
Xüsusilə kiçik təsərrüfatlar üçün paytaxt bazarına çıxış asan deyil. Nəqliyyat, saxlanma, satış yeri və digər xərclər fermerin gəlirini azaldır. Yarmarkalar isə bu problemlərin ən azı bir hissəsini aradan qaldırmaq üçün nəzərdə tutulmuş mexanizmdir. Fermer məhsulunu özü gətirir, öz qiymətini müəyyənləşdirir və vasitəçisiz satış həyata keçirir.
Yarmarkaların olmaması belə istehsalçıları yenidən vasitəçilərdən asılı vəziyyətə sala bilər. Fermer məhsulunu tez satmaq məcburiyyətində qalanda onu aşağı qiymətə topdansatış alıcılarına verməli olur. Sonrakı mərhələlərdə isə həmin məhsulun qiyməti artır və istehlakçı daha çox pul ödəyir. Beləliklə, istehsalçı ilə alıcı arasında qiymət fərqi yaranır.
Bu baxımdan yarmarkaların keçirilməsi sadəcə fermerlərə güzəşt və ya əlavə satış imkanı kimi qiymətləndirilməməlidir. Bu, həm də ərzaq bazarında rəqabətin artırılması, qiymətlərin tənzimlənməsinə dolayı dəstək və yerli istehsalın təşviqi vasitəsidir.
Yarmarkalar yoxdursa, fermerlər üçün alternativ nədir?
Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı digər mexanizmlər müəyyən imkanlar yaratsa da, onların heç biri yarmarkaların funksiyasını tam əvəz etmir. Məsələn, bütün fermerlərin məhsullarını iri market şəbəkələrinə çıxarmaq imkanı yoxdur. Dövlət satınalmaları isə müəyyən tələblərə cavab verən və müvafiq təchizat mexanizminə qoşulan istehsalçılar üçün nəzərdə tutulur.
Aqroturizm və digər layihələr də bütün təsərrüfatların məhsul satışını təmin edən universal vasitə deyil. Kiçik fermerin öz məhsulunu paytaxtda birbaşa istehlakçıya təqdim edə bilməsi üçün əlçatan, mütəmadi və təşkil olunmuş satış məkanlarına ehtiyacı var.
Əgər “Kənddən Şəhərə” layihəsi məhz istehsalçı ilə istehlakçını bir araya gətirmək məqsədi daşıyırsa, onun Bakıda daha geniş coğrafiyada və əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında fəaliyyət göstərməsi vacibdir. Yarmarkalar yalnız ayrı-ayrı tarixlərdə və təsadüfi tədbirlər şəklində deyil, davamlı satış infrastrukturu kimi qurulmalıdır.
Digər tərəfdən, yarmarkaların təşkili zamanı məhsulların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, fermerlərin iştirak qaydaları, satış yerlərinin əlçatanlığı və qiymət şəffaflığı da təmin olunmalıdır. Beləliklə, həm istehsalçının, həm də istehlakçının maraqları qorunar.
Aidiyyəti qurumlar məsuliyyəti üzərindən atmamalıdır

Ortada ziddiyyətli mənzərə yaranıb: Kənd Təsərrüfatı Nazirliyi fermerlərin bazara birbaşa çıxışının prioritet olduğunu, “Kənddən Şəhərə” yarmarkalarının davam etdirildiyini bildirir. Bakı Şəhər Ticarət və Xidmət Departamenti isə bu il Yeni il yarmarkalarının keçirilməyəcəyini açıqlayır. Paytaxt sakinlərinin və fermerlərin gözlədiyi əsas məsələ isə konkret satış imkanlarının yaradılmasıdır.
Aidiyyəti qurumlar bu məsələyə formal yanaşmamalıdır. Yarmarkanın təşkil edilməməsi ilə bağlı qərar varsa, onun səbəbi açıqlanmalıdır. Əgər təşkilati, maliyyə və ya məkanla bağlı çətinliklər mövcuddursa, bunların aradan qaldırılması üçün hansı addımların atıldığı ictimaiyyətə bildirilməlidir. Əks halda, fermerlərin bazara birbaşa çıxışının prioritet elan edilməsi praktik nəticəsi olmayan bəyanat təsiri bağışlayacaq.
Ən başlıcası, kənd təsərrüfatı məhsulları yarmarkası kiminsə şəxsi təşəbbüsü və ya bayram günləri üçün nəzərdə tutulan müvəqqəti tədbir deyil. Bu, kənd təsərrüfatı istehsalçısının iqtisadi maraqlarına, istehlakçının münasib qiymətə məhsul əldə etmək imkanına və yerli istehsalın inkişafına xidmət edən vacib satış mexanizmidir.
Bakıda belə yarmarkaların davamlı təşkil edilməməsi fermerin satış imkanını məhdudlaşdırır, alıcının alternativini azaldır. Buna görə də aidiyyəti qurumlar sadəcə mövcud layihələri sadalamaqla kifayətlənməməli, paytaxtda yarmarkaların niyə təşkil edilmədiyinə və gələcəkdə bu imkanın necə bərpa olunacağına aydınlıq gətirməlidirlər.
14:30 14.11.2026
Oxunuş sayı: 358