Rusiya-Ermənistan qarşıdurması dərinləşir: İrəvanın Qərb seçimi Moskvanı niyə qıcıqlandırır?
Rusiya ilə Ermənistan arasında son illərdə dərinləşən siyasi fikir ayrılıqları və qarşılıqlı ittihamlar Cənubi Qafqazda yeni müzakirələrə yol açır. İrəvanın xarici siyasətində Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Moskvanın narazılığı ilə müşayiət olunur, tərəflər arasında qarşılıqlı etimadsızlıq isə münasibətlərin gələcəyi ilə bağlı sualları artırır. Bəs Rusiya-Ermənistan münasibətlərindəki gərginlik hansı amillərdən qaynaqlanır və bu proses Cənubi Qafqazın, o cümlədən Azərbaycanın təhlükəsizlik mühitinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasındakı gərginlik uzun müddətdir davam edir:

“Rusiya və Ermənistan arasındakı münasibətlərin gərginliyi uzun müddətdir ki, davam edir. Hələ 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya və Ermənistan arasında soyuq küləklər əsməyə başlayıb. Xüsusilə də 44 günlük müharibədən sonra Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistanda Rusiyaya qarşı müəyyən dərəcədə aqressiya var. Yəni Ermənistanda bir çox şəxs belə hesab edirdi ki, Rusiya Ermənistanı qorumalıdır, müdafiə etməlidir. Onlar fikirləşirlər ki, bunu etmədiyinə görə Rusiyaya sərt şəkildə münasibət göstərirlər. Bu, əlbəttə ki, qəbul edilən bir fakt deyil. Əlbəttə ki, Ermənistan bəzi məsələlərdə öz suveren hüququndan istifadə edə bilər. Məsələn, Ermənistanın Rusiya orbitinə daxil olan təşkilatlardan çıxıb Qərb təşkilatlarına üzv olmasına Rusiya tərəfindən müəyyən dərəcədə sərt reaksiyalar göstərilir. Bu, əlbəttə ki, Ermənistanın suveren hüququdur. Yəni Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm Avrasiya İqtisadi Birliyindən çıxaraq Avropa İttifaqına və NATO-ya üzv ola bilər. Bu, onun tam suveren hüququdur. Buradakı əsas məsələ budur ki, nə Ermənistanda Rusiyanı düzgün başa düşürlər, nə də Rusiyada Ermənistanı düzgün başa düşürlər və tərəflər bir-birinin suveren hüquqlarına hörmət etmir. Yəni Ermənistanda başa düşmürlər ki, Rusiya hansısa bir ölkənin ərazisini işğal edib və əlbəttə ki, Rusiya buna müdaxilə edərsə, bu, beynəlxalq hüququn pozulması olardı. Azərbaycan öz torpaqlarını azad edib”.
Politoloq Rusiyada hələ də Ermənistanın hansısa təşkilata üzv olması onun tamamilə suveren hüququ olduğunu və öz hüququndan istifadə edib bunu həyata keçirə biləcəyini düşünmürlər: “Yəni tərəflər arasında bu dərəcədə qarşılıqlı anlaşılmazlıq varsa, burada hansısa bir yola gəlmək məsələsi olmayacaq. İkinci bir məsələ də Cənubi Qafqazdakı vəziyyətə təsir edə bilərmi? Xeyr. Azərbaycan tamamilə güclü bir dövlətdir və beynəlxalq münasibətlər sistemi çox güclüdür. Azərbaycana kənar müdaxilələr qəbul edilməzdir. Mən bunun hansısa formada Gürcüstana da təsir edəcəyini düşünmürəm. Sadəcə olaraq Ermənistan daxilində müəyyən narazılıqlar yarada bilər. Ancaq ümumi şəkildə Cənubi Qafqazın digər iki dövlətindən hansınasa bu hadisələrin təsir edəcəyini güman etmirəm.”
Nuray Mehtiyeva
16:00 29.09.2026
Oxunuş sayı: 47