Fransa məhkəməsi rusiyalı fəalın azadlığa buraxılmasını rədd edib
Fransada SOS Donbass təşkilatının təsisçisi Anna Novikovanın həbsdən azad edilməsi ilə bağlı müraciəti təmin olunmayıb. Məhkəmə onun həbs müddətini daha altı ay uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Novikovanın vəkili Filip de Vel bildirib ki, qərar azadlıq və həbs məsələlərinə baxan hakim tərəfindən qəbul edilib.
Vəkil yaxın vaxtlarda həbsxanada müvəkkili ilə görüşməyi və onun məhkəmə qərarından şikayət verməyə davam edib-etməyəcəyini müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, ötən ilin noyabrında Fransanın “Le Parisien” nəşri 40 yaşlı Anna N. və 63 yaşlı Fransa vətəndaşı Vensan P.-nin ölkənin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını yazıb.
Onlar xarici dövlətlə əlbir olmaqda və xarici dövlət üçün maraq doğuran məlumatları toplamaqda ittiham ediliblər.
Fransa hakimiyyəti şübhəlilərin humanitar fəaliyyət adı altında Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edildiyini iddia edir. Hər iki şəxs isə irəli sürülən ittihamları rədd edib.
23:50 13.11.2026
Oxunuş sayı: 52