Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) tərəfdaşlığı ilə Azərbaycan pavilyonunda "Qafqazda icmaların iştirakı ilə təbiətin mühafizəsi və Rio konvensiyaları arasında sinerji" mövzusunda tədbir təşkil edilib.
Crossmedia.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyasının bir-biri ilə sıx əlaqəli olduğunu vurğulayıb.
O, bu problemlərin həllində beynəlxalq əməkdaşlığın, eləcə də yerli icmaların təbiətin mühafizəsinə cəlb edilməsinin əhəmiyyətindən danışıb.
Leyla Əliyeva Azərbaycanın zəngin təbiətindən bəhs edərək ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 700-dən çox bitki və heyvan növünün "Qırmızı Kitab"a daxil edildiyini qeyd edib.
Çıxışında IDEA İctimai Birliyinin biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, 2012-ci ildə təşkilat tərəfindən Qafqaz bəbirinin, ceyranın, qonur ayının, boz canavarın və imperator qartalının mühafizəsini nəzərdə tutan "Böyük beşlik" təşəbbüsü irəli sürülüb.
Tədbirin açılışında həmçinin WWF-nin iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal çıxış edib.
Daha sonra keçirilən panel müzakirələrinə WWF Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Cənubi Qafqazda Ekoloji Dəhlizlər Proqramının baş texniki məsləhətçisi Yerney Stritih, eləcə də "Universal Ranger Support Alliance" və "Grasslands Initiative" təşəbbüslərinin nümayəndəsi Hanna Timmins qatılıblar.
Müzakirələr zamanı Qafqazda biomüxtəlifliyin qorunması, ekoloji dəhlizlərin inkişafı, təbii ekosistemlərin bərpası, yerli icmaların təbiəti mühafizə fəaliyyətində iştirakı və bu sahədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.(Report)
21:22 13.11.2026
Oxunuş sayı: 130