ABŞ-nin növbəti prezidenti kim olacaq? - Əsas namizədlər açıqlandı
ABŞ-də 2028-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı siyasi müzakirələr indidən intensivləşməyə başlayıb. Respublikaçılar və Demokratlar Partiyasında Ağ Ev uğrunda mübarizəyə qoşula biləcək mümkün namizədlərin adları gündəmə gəlir. Respublikaçılarda vitse-prezident Cey Di Vens əsas favoritlərdən biri kimi göstərildiyi halda, Demokratlar düşərgəsində hələlik vahid lider namizəd ön plana çıxmayıb. Bəs 2028-ci ildə ABŞ prezidenti kim ola bilər? Siyasi qüvvələrin hazırkı mövqeləri və mümkün namizədlərin şansları necə qiymətləndirilir? Eyni zamanda, Donald Trampın Konstitusiyanı dəyişdirərək yenidən prezident seçilməsinə yol açmaq istədiyi ilə bağlı iddialar nə dərəcədə realdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, Cey Di Vensin favorit olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur: “Ən azı Respublikaçılar arasında o, ilk yerdədir və təxminən 40 faiz dəstəyə malikdir. Marko Rubio ikinci, Ron De Santis isə üçüncü yerdədir. Bunlar Respublikaçıların əsas namizədləri hesab olunur. Amma Vens özünü elə aparır ki, görünür, artıq Trampdan sonrakı əsas alternativ kimi çıxış etməyə hazırlaşır. Demokratlarda isə namizədlərin sayı çoxdur. Hələlik bu düşərgədə açıq-aşkar lider olan konkret bir namizəd yoxdur. Kamala Harris var, onun dəstəyi təxminən 34 faizdir. Qavin Nyusom və Con Ossoff da mümkün namizədlər sırasındadır. Hələ ki, bu təşəbbüsü kimin ələ alacağı bəlli deyil. Hazırkı vəziyyətdə Demokratlarla Respublikaçılar arasında dəstək təxminən 50-50 nisbətindədir. Amma hər şey nədən asılı olacaq? Bunu indidən demək çətindir. Aralıq seçkilərin nəticələrini gözləmək lazımdır. Eyni zamanda, 2027–2028-ci illərdə iqtisadiyyatın və inflyasiyanın hansı vəziyyətdə olacağı da mühüm rol oynayacaq. Bundan başqa, Trampın və Vensin siyasi gücünün nə dərəcədə qorunub saxlanılacağı da əhəmiyyətlidir”.

Ekspert bir məsələni də qeyd edib: “Tramp Konstitusiyanı dəyişə bilərmi? Əslində, bunu etmək çox çətindir. Bunun üçün Konqresin hər iki palatasında ən azı üçdə iki səs çoxluğu tələb olunur. Bundan əlavə, Konstitusiyaya düzəliş ştatların dörddə üçü tərəfindən də ratifikasiya edilməlidir. Son seçkilər də bu məsələdə ciddi çətinliklərin olduğunu göstərdi. Üstəlik, 22-ci düzəliş Trampın yenidən prezident seçilməsinə mane olur”.
Ayhan
19:00 13.11.2026
Oxunuş sayı: 111