ABŞ müdafiə naziri vəzifə səlahiyyətlərini aşır: Tramp ən yaxın adamı ilə bağlı hansı qərarı verəcək?
ABŞ müdafiə naziri Pit Heqset barəsində irəli sürülən impiçment ittihamları Vaşinqtonda hakimiyyət qolları arasında səlahiyyət bölgüsü və hərbi qərarların qəbuluna parlament nəzarəti məsələlərini yenidən gündəmə gətirib. Respublikaçı konqresmen Tomas Massi Heqsetə qarşı səkkiz maddədən ibarət impiçment təşəbbüsü irəli sürüb. İttihamlar arasında Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatların aparılması, Müharibə Səlahiyyətləri haqqında Qanunun pozulması, mülki əhalinin müdafiəsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi, Venesuela və Yəməndəki hərbi əməliyyatlar, eləcə də Konqresin nəzarət mexanizmlərinə mane olmaq iddiaları yer alır. Hegset isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Bəs müdafiə naziri ölkənin hərbi və siyasi qərarlarında hansı həddə qədər müstəqil səlahiyyətlərə malikdir? Bu cür ciddi ittihamlar prezidentin məlumatlılığı və məsuliyyəti məsələsini də gündəmə gətirirmi? ABŞ-də icra hakimiyyətinin hərbi qərarları üzərində Konqres nəzarəti nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə qeyd edib ki, hər bir ölkənin müdafiə naziri Ali Baş Komandana tabedir: “Ali Baş Komandanın razılığı və icazəsi olmadan müdafiə nazirinin müstəqil şəkildə hərbi tədbirlər həyata keçirmək səlahiyyəti yoxdur. Burada fərq ayrı-ayrı ölkələrin daxili qanunvericiliyindən irəli gəlir. Konkret olaraq ABŞ-dən danışsaq, prezident Ali Baş Komandan olsa da, Konqresin razılığı olmadan müharibə elan etmək səlahiyyətinə malik deyil. Ekstremal vəziyyətlərdə qısamüddətli hərbi əməliyyatlar həyata keçirə bilər. Lakin müharibənin davam etdirilməsi üçün Konqresin mövqeyi və müvafiq hüquqi prosedurlar nəzərə alınmalıdır. Prezident hərbi əməliyyata başladığı təqdirdə, 60 gün ərzində məsələni Konqres qarşısında müzakirəyə çıxarmalıdır. Şübhəsiz ki, Trampın razılığı və icazəsi olmasaydı, Pit Heqsetin müdafiə naziri kimi hər hansı hərbi əməliyyat keçirmək səlahiyyəti olmazdı. Lakin Heqset Trampın yaxın adamıdır və prezident ona etibar edir. Buna baxmayaraq, biz dəfələrlə şahidi olmuşuq ki, Heqset bəzən Trampın rəsmi göstərişi olmadan, yaxud yazılı əmri olmadan müəyyən qərarlar verir və öz səlahiyyətlərini aşır. Bununla bağlı həm kiçik, həm də kifayət qədər ciddi nümunələr göstərmək olar. Məsələn, Ukraynaya Konqres tərəfindən ayrılmış hərbi yardımların göndərilməsini dayandırması və ya ləngitməsi belə hallardan biridir. O, bunu ABŞ-ın öz hərbi ehtiyatlarını qoruması, anbarların boşaldılmaması zərurəti ilə əsaslandırırdı. Söhbət raketlərdən, hərbi texnikadan və kəşfiyyat məlumatlarının ötürülməsindən gedir”.

Ekspert qeyd edib ki, Heqsetin bəzi qərarları Ukraynanın maraqlarına zidd olub, dolayısı ilə Rusiya ordusunun mövqelərinə əlverişli şərait yaradıb: “Bu və digər məsələlərə görə hazırda konqresmenlər ona qarşı ciddi kampaniyaya başlayıblar. Burada əsas məqsədlərdən biri də Trampa siyasi zərbə vurmaqdır. Nəzərə almaq lazımdır ki, yeni seçilmiş Konqres yanvarın 3-də fəaliyyətə başlayacaq. Hazırkı siyasi şəraitdə Konqresin birbaşa Trampa qarşı ciddi addımlar atmaq imkanları məhdud ola bilər. Lakin Heqsetə qarşı müəyyən tədbirlər görmək və onun fəaliyyətini araşdırmaq daha real görünür. Konqresmenlər Heqsetə təzyiq göstərməklə paralel olaraq Trampın özünə də siyasi zərbə vurmağa çalışırlar. Sadalanan məsələlərə, o cümlədən Venesuela və Yəmənlə bağlı əməliyyatlara da bu kontekstdə baxmaq lazımdır. Venesuela ətrafında heç bir konkret sübut və əsas olmadan balıqçı qayıqlarına zərbələr endirilir, onlar batırılırdı. Heqsetin əmri ilə həyata keçirilən bu əməliyyatlar narkotik qaçaqmalçılığına qarşı mübarizə ilə əsaslandırılırdı. İddia edilirdi ki, həmin qayıqlarda narkotik vasitələr daşınır. Ola bilsin ki, belə hallar mövcud idi, lakin konkret sübutlar olmadan bu cür hərbi əməliyyatların keçirilməsi yolverilməzdir. Hesab edirəm ki, Heqset ən azı iki istiqamətdə öz səlahiyyətlərini aşmaqda ittiham oluna bilər. Bunlardan biri Venesuela, digəri isə Ukrayna ilə bağlı məsələlərdir. Yəmən məsələsi isə daha mürəkkəbdir. Orada genişmiqyaslı quru əməliyyatından söhbət getməsə də, müəyyən hava zərbələri endirilib. Bütün bunları nəzərə alaraq, Konqres Heqseti dinləməyə çağırmaq və ondan hesabat tələb etmək istəyir. Ola bilər ki, o, irəli sürülən ittihamların bir qisminə əsaslandırılmış cavab versin və öz mövqeyini izah edə bilsin. Lakin bəzi ittihamlar, doğrudan da, ciddi hüquqi nəticələrə, hətta impiçment prosesinə səbəb ola bilər. Digər mühüm məqam isə Heqsetin şəxsi həyatı və sağlamlığı ilə bağlıdır. ABŞ mətbuatında onun namizədliyi irəli sürüləndə və müdafiə naziri vəzifəsinə təyin olunarkən bu barədə geniş yazılar dərc edilmişdi. Həmin məlumatlarda Heqsetin alkoqol asılılığı ilə bağlı problemlərinin olduğu iddia edilirdi. O özü də bu məsələni tamamilə gizlətmirdi. Belə iddialar onun dövlət vəzifəsini icra etmək qabiliyyəti, şəxsi davranışları və qərarvermə bacarığı ətrafında əlavə müzakirələrə səbəb olmuşdu”.
Ayhan
10:00 12.11.2026
Oxunuş sayı: 39