Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
Azərbaycanlı rejissor Kamran Səfərəlinin “20” adlı qısametrajlı filminin Almaniyanın Hamburq şəhərində qapalı təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, Hamburqun nüfuzlu kinoteatrlarından birində keçirilən qapalı film nümayişində yerli kino mütəxəssisləri, eləcə də çəkiliş heyətinin ailə üzvləri xüsusi dəvətlə iştirak ediblər. Psixoloji triller janrlnda olan 25 dəqiqəlik qısa film Azərbaycan, Almaniya və başqa bir sıra ölkələrin mütəxəssislərini bir araya gətirib.
Baş rollarını alman aktyorlar Daniel Bessel və Niklas Leifertin canlandırdığı filmin quruluşçu rəssamı dizayner Sevil Səfərəli, musiqi tərtibatçısı isə musiqiçi Rasim Səfərdir.
İngilis dilində çəkilmiş filmdə məşhur Azərbaycan musiqilərinin fərqli aranjemanlarından istifadə olunması ölkəmizin milli-mənəvi dəyərlərinin, milli kimliyimizin təbliğinə yönəlib.
Filmin tarixçəsindən danışan rejissor Kamran Səfərəli ekran işinin ideyasının təxminən 10 il əvvəl dostu Sadiq Fərzəlibəy ilə birlikdə yazdıqlarını bildirib:
"Yaradıcı insanlar, adətən, beyinlərindəki ideyanı reallaşdırmadan rahatlıq tapa bilmirlər. Düşünürəm ki, mənim üçün də belə oldu, hətta bir qədər fərqli şəkildə. Təxminən 10 il əvvəl Bakıda kolleqamla birlikdə kağız üzərində təməli qoyulan ideya bu gün Almaniyaya qədər uzandı və filmə çevrildi. Ümid edirəm ki, bu layihədə alman mütəxəssislərlə qurduğumuz əməkdaşlıq iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək".
Qeyd edək ki, film beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək.
09:31 12.11.2026
Oxunuş sayı: 45