Rusiyada dərman preparatlarının qiymətində ucuzlaşma qeydə alınıb
Rusiyada oktyabrın ortalarından etibarən dərman preparatlarının topdansatış qiymətlərində artım dayanıb, bəzi məhsulların qiymətində isə ucuzlaşma müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kommersant” bir neçə aptek şəbəkəsinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, ən çox satılan 3,5 min dərman preparatının topdansatış qiyməti avqustun ortalarındakı səviyyəyə qayıdıb. Halbuki payızın əvvəlində bu məhsulların qiymətində 0,8 faiz artım qeydə alınmışdı.
“CV Protek” şirkətinin baş direktoru Dmitri Poqrebinski alış qiymətlərindəki dəyişiklikləri bazarda yüksək rəqabətlə əlaqələndirib. Digər bazar iştirakçısı isə qiymət dinamikasının ilin sonuna qədər anbarlardakı məhsul ehtiyatlarını azaltmaq istəyi ilə bağlı ola biləcəyini bildirib. Logistika infrastrukturuna hücumlar fonunda dərmanların saxlanması məsələsinin də aktuallaşdığı qeyd olunur.
Qiymət artımının zəifləməsinə təsir edən amillərdən biri kimi soyuqdəymə mövsümünün başlamasına baxmayaraq, dərman satışlarında gözlənilən canlanmanın baş verməməsi göstərilir. DSM Group-un hesablamalarına görə, sentyabrda dərmanlara tələbat ötən ilin eyni dövrü ilə müqayisədə natural ifadədə 3,6 faiz, pul ifadəsində isə 11,4 faiz azalıb. Bu, alıcıların daha ucuz preparatlara üstünlük verdiyini göstərir.
Qeyd olunur ki, ötən il dərman satışları pul ifadəsində 14,9 faiz artmışdı. Bu səbəbdən pərakəndə satış şəbəkələri də əvvəlki artım tempini gözləsələr də, tələbatın azalması fonunda qiymət artımını yavaşlatmağa məcbur qalıblar. RNC Pharma-nın məlumatına görə, Rusiyada əczaçılıq pərakəndə satışında inflyasiya ilin ilk doqquz ayında 6,1 faiz təşkil edib. Bu göstərici ölkə üzrə ümumi qiymət artımından aşağıdır.
03:20 12.11.2026
Oxunuş sayı: 28